Saqa türk boylarının dilində olan *ippək (əppək) sözü
22-11-2025, 08:04

Hippokrat Saqaların (İskitlərin) at südündən hazırladığı yemək növü olan qurut (əppək) barədə yazır:
"Südü taxta tabaqlara töküb yırğalayırlar, çalxanan süd köpüklənib ayrılır. Onların butir adlandırdığı yağ öz yüngüllüyünə görə ayrılıb yuxarı qalxır, südün ağır, qatı hissəsi də aşağı çökür ki, bunu ayırıb qurudurlar. Quruyub bərkiyəndə ona *ippak deyirlər."
M. Kaşgarlı XI əsrdə əppək sözünün oğuz və qıpçaqlarda epmek şəklində işlənib çörək bildirdiyini yazırdı.
*Скифы, 1992, 91-92.
*295 МК, I. 164.
At südündən qurut kimi hazırlanan yeməyi antik yazarlar *ippak sözü ilə verir, həmin söz xakas dilinin əski koybal-qızıl dialektlərində ippək şəklində vardı. Azərbaycan türkləri çörəklə yanaşı, həmin anlamda *əppək sözünü də işlədirlər, «Əppək-pendir sağ bazar, yeməsən dostluğu pozar» kimi atalar sözləri yaranmışdır.
M.Kaşğari bu sözün etmek//epmek variantlarını göstərmiş, etimoloji uzmanları da bu sıraya etmək//ətmək və sair işlək formaları əlavə edib, daha qədim formanın epmek olması qənaətinə gəlmişlər.*
Bu yorum doğru görünür, çünki prototürk boyları ilə əlaqəsi olan akadların dilində *epû (çörək bişirmək), *epru//ipru (aş, yemək, azuqə), *epin (kotan), sumer dilindəsə *appu (çörək) sözləri vardı.
Avropalıların nə vaxtdan süd içməyə başladığını araşdıran genetika uzmanları burada yerli xalqın süddən istifadə etməsinin yalnız tunc çağının sonlarına aid olması sonucuna varmışlar, halbuki, əvvəllər alimlərə görə, burada südün tərkibində olan laktozun həzm olunması daş dövründən vardı. Bu baxımdan, Avropada süddən istifadə tarixi cəmi 3000-3500 il öncə başlandığı üçün elə bəzi avropa dillərində türkcə süd sözünün işlənmə tarixi də o çağlara aid olmalıdır. Örnəyin, qədim irland dilindəki suth sözü «süd», «şirə» anlamında işlənmişdir, bəzi etrusk dili uzmanları da etruskca suth sözünün «süd» anlamı bildirməsindən bəhs etmişlər.*

*Немировский, 1983, 98.
Əgər türklərdən uzaq bölgələrdə yaşayan xalqların dilində türkcə ağartı adları ingilis dilindəki yogurt kimi az görünürsə, qonşu bölgələrdə onların sayı çoxdur, örnəyin, hay dilində ğaymaq, yeğ//yuğ (yağ), motal, lor (şor), panir kimi süd ürünü adları vardır. Türk dillərində ortaq ağartı adları onların hələ prototürk çağından ortada olmasını göstərir, belə ki, əksər türk dillərində kurut, xurut, xărt (çuvaş) kimi işlənən qurut sözü, kaymak, xayma (çuvaş), xoymox (saxa), qayaq formaları olan qaymaq və yağ, çağ, sia (saxa) kimi yayılan yağ sözləri, yalnız çuvaş dilində uyran əksər türk dillərindəsə, hətta saxa dilində də ayran şəklində işlənən söz və təbii ki, bunların başında gələn süd sözü prototürk çağından qalmadır.
Firudin Ağasıoğlu, "Doqquz Bitik", IV, 293.

