İNSANla İNSAF bir qəlibdə biçilib. İNSAF yoxsa o canda İNSAN yox... - REKVİEM

20-11-2025, 10:18           
İNSANla İNSAF bir qəlibdə biçilib. İNSAF yoxsa o canda İNSAN yox... - REKVİEM
Allah qəni-qəni rəhmət etsin, Hikmət Hacızadə insaflı adam idi. Hələ başqa keyfiyyətlərini - elmini, hünərini, səmimiyyətini, dürüstlüyünü, məntiqini demirəm. Təkcə insafını deyirəm, ədalətini deyirəm. Çünkü dörd dövrəmizdə o qədər elmli, hünərli, məntiqli adam var ki... amma insafı, ədaləti yox...
İnsafı olmayanın insanlıqda haqqı yox...
İNSAF, Allahın bəndəsinə verdiyi ilahi nemətdir...
İNSANla İNSAF bir qəlibdə biçilib. İNSAF yoxsa o canda İNSAN yox...
Sözümü nəyə gətirirəm... Bir məclisdə, deyəsən, Rasim Qaraca təşkil etmişdi, sağ olsun, Elçi Bəydən söhbət düşdü. Bilirsiniz, Elçi Bəyin tənqidçisi çoxdu, bilən, bilməyən, ağıllısı, dəlisi, qərəzlisi, məqsədlisi... onu qınamağa hazırdır, çünkü gerçək lider olaraq dirisi də, ölüsü də əlçatandır. Hətta yaxın ətrafında olmuşlar belə günün hikkəsini onun üstünə tökməklə rahatlıq tapırlar...
Olsun. Bununla işim yox.
Elçi Bəy - qanunauyğun olaraq - bütün dahilərin aqibətini yaşayır.
Həmin məclisdə, xatirəsi dünyalar qədər əziz olan Hikmət bəy tarixi bir söz dedi. Dedi, mənim də atam alim idi, professor idi, unuversitet müəllimi idi, amma sovet köləliyinə qarşı çıxmadı. O da narazı idi quruluşdan amma mənim atam küçəyə çıxmadı, etiraz etmədi, Elçi Bəy çıxdı. Elçi Bəy etiraz etdi. Həqiqət budur.
Hikmət bəy, özünə xas nəzakətlə qarşısındakılara deyirdi ki, gəlin Elçi Bəyi tənqid edək, göydən düşməyib ki, onun da xətaları ola bilər, amma əvvəlcə... öz atamızın nə etdiyinə də baxaq, əvvəlcə bir dönüb özümüzə baxaq.
Hikmət bəy, çox böyük ədalətlə, nadir insanlarda olan insafla öz atası ilə Elçi Bəyi müqayisə edir, haqqı Elçi Bəyə verirdi.
Hər oğulun hünəri deyil.
Buna deyirlər, İNSAF...
Bunun adı İNSAF...
Allahın insana verdiyi ən böyük nemət...
Sözümü nəyə gətirirəm... camaatımız hansı məşşəqqət içindədi bunu bilirik, saymaqla bitməz, sosial ədələtsizlik baş alıb gedir, bahalıq, əməklinin, məmurun maaşı keçimsiz, uşaq pulu yox, təhsil elə, tibb belə, elm bərbad... və s...
Amma fəlakətlərin ən böyüyü bu çətinliklər deyil.
Bu gün ən böyük bəla insanların insafsızlığıdı. Əmək itirməkdi. Qədirbilməzlikdi.
Hakimiyyətin xalqa olan insafsızlığını, xalq da biri birinin başında çatladır.
Dərdin böyüyü budur.
Bəzən rəyləri oxuyuram, elə adamlar elə adamlara tənə edir ki, o tək adamın - kimliyindən asılı olmayaraq - vətənin azadlığı uğrunda etdiklərini bunun cəddi-nəsli belə etməyib. Atası da evdə gizlənib, babası da evdə gizlənib, özü bilmirəm hara qədər gedib qayıdıb... vətən üçün bir addım atmayıb, ömründən bir gün verməyib. Allah insafını o qədər kəsib ki, azadlıq üçün ömür verənləri, gələcəyini itirənləri ucdantutma kqb xidmətçisi adlandırır. Düzü, əyridən ayırmağa ağlı çatmır, amma dili şah arşınıdı.
Milli azadlıq hərəkatlarının içində casus olmaması mümkünmü? Deyil. Adamlıq bunu qanmaq, əməyi itirməmək, tükü tükdən seçmək, insafı əldən verməməkdi.
Amma nə etməli...
İnsafsızlıq, zatən, allahalmışlıqdı. Allahalmışlardan nə gözləyək...
Bir toplum insafı əldən verərsə... onun yürüdüyü səmtin adı bəşərin bəlası olan insafsızlıq və yaltaqlıqdır.
Bilmədən danışan insafsızdır, ayırd edə bilmir. Bilərək danışan yaltaqdır, umacağı var.
Nə deyim...
Allah, insaflı kişilərdən biri olmuş Hikmət bəyə rəhmət eləsin. Yerində, yurdunda qalanlar sağ olsun.
Mehriban Vezir
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru