Avropanı titrədən Banişevskinin həyatı bizim güzgümüzdür. Sağlığında 100 manat etməyən dəyər, öldükdən sonra 149 manata satılır?
22-11-2025, 07:39

Sosial şəbəkədə bir nəfər yazmışdı ki, Park Bulvarda Banişevskinin AFFA loqolu 9 nömrəli formasını görüb. Etiketi çevirəndə gözlərinə inanmamışdı. Qiymət 149 manat. Bu rəqəm sadəcə bir paltarın qiyməti deyil. Bu, bir xalqın öz dəyərlərini necə satdığının simvoludur.
Bu paylaşımı oxuyanda Banişevskinin həyatının acı gerçəkləri yenə yadıma düşdü. Anatoli Banişevski 23 fevral 1946-cı ildə Bakı rayonunun Sabunçu qəsəbəsində doğulub və 11 avqust 1997-ci ildə vəfat edib. Bu adam vaxtilə təkcə Azərbaycanın yox, SSRİ futbolunun ən böyük hücumçularından biri idi. 124 oyuna 36 qol vurmuşdu, Avropanın nəhəng komandalarına qarşı meydanda qorxmadan oynayırdı. Bir vaxtlar Marakanada Braziliya millisinin qapısına qol vurmuşdu. Oynadığı hər oyunda Azərbaycanın adını başı uca edirdi. Ölkəsini sevən, hər kəsin “Baniş” deyə səslədiyi bir millət qəhrəmanı idi. O, sadəcə futbolçu deyil, həm də vətənpərvər bir insan idi.
Amma bu böyük futbolçu sağlığında cəmi 100 manat dərman pulu tapa bilmədiyi üçün həyatla vidalaşdı. AFFA ona yardım adı ilə 100 dollar vermişdi, amma həyat yoldaşı o pulu banka aparanda məlum olmuşdu ki, həmin 100 dollar saxtadır. Bir əfsanənin ailəsi bu səbəbdən böyük çətinliklərlə üzləşmişdi. Bu, idman tariximizin ən utandırıcı səhifələrindən biri olaraq qaldı.
İndi isə vaxtında qiymət verilməyən adamın formasını 149 manata satırlar. Sağ ikən 100 manat tapılmayan dəyər, öldükdən sonra 149 manatlıq etikətə çevrilib. Bu, sadəcə istehza deyil. Bu, bizim qəhrəmanlarımızı yaşarkən yox, öldükdən sonra xatırladığımızın canlı sübutudur.
Banişevski niyə evini itirmişdi? Niyə ailəsi dağılmışdı? Niyə çətin, sərt şəraitdə yaşayırdı? Çünki karyerası bitəndən sonra ona sahib çıxan yox idi. Nə AFFA, nə idman rəhbərləri, nə də özünü böyük göstərən sistem. Bir vaxtlar 30 min adamı tribunada ayağa qaldıran əfsanə təkliyin içində çökdü və Bakı kimi bir şəhərdə ciddi çətinliklər içində yaşadı.
Onu o çətin vəziyyətdən çıxaran AFFA deyildi, heç bir dövlət qurumu deyildi. Onu ordan çıxaran sadəcə Səidə adlı bir qadın idi. Bir qadının vicdanı dövlət strukturlarından böyük çıxdı. Səidə onu tapdı, çıxardı, paltar aldı, həkimə apardı, müalicə etdirdi. Banişevskinin həyatının ən ağır günlərində ona arxa duran bir nəfər tapıldı, amma o insan sistem yox, sadəcə yaxşı ürək sahibi biri idi.
Və bu gün sosial şəbəkələrdə dolaşan 149 manatlıq forma hamımıza eyni sualı verir. Biz kimik? Biz qəhrəmanlarımıza nə edirik? Bir vaxtlar Avropanı titrədən Banişevskinin həyatı bizim güzgümüzdür. Sağlığında 100 manat etməyən dəyər, öldükdən sonra 149 manata satılır?
Bu forma paltar deyil. Bu forma unudulmuş bir insanın, böyük bir futbolçunun, millətini sevən bir vətənpərvərin faciəsinin qiymətə çevrilmiş simvoludur.
Həqiqət İbrahimova
TEREF

