100 milyondan çox insanın ölümünə yol açan ultimatum

25-11-2025, 07:24           
100 milyondan çox insanın ölümünə yol açan  ultimatum
Böyük Britaniyanın onlayn qəzeti “The Independent” Trampın Ukrayna üçün hazırladığı “sülh təklifi”ni I Dünya savaşının çıxması ilə nəticələnən Avstriya-Macarıstan imperiyasının 1914-cü ildə Serbiyaya verdiyi ultimatuma bənzədərək yazıb:
“Müasir diplomatiyanın uzun sürən gedişində indi Vaşinqton ətrafında dolaşan 28 bəndlik “sülh planı”ndan daha sadəlövh, balanssız və ya strateji cəhətdən ehtiyatsız təklifi xatırlamaq çətindir. Onun şərtləri Avstriyanın 1914-cü ildə Serbiyaya verdiyi ultimatumla həmahəng səsləşir – bu ultimatumda o qədər ifrat siyahı sıralanırdı ki, ancaq rədd edilmək və Birinci Dünya Müharibəsini başlatmaq üçün nəzərdə tutula bilərdi”.
Müəllif Tobias Ellvudun bu sözləri deyərkən nəyi qəsd etdiyini anlamaq üçün Avstriya-Macarıstanın 1914-cü ilin 23 iyulunda Serbiyaya verdiyi həmin umtimatumun şərtlərinə baxmaq kifayətdir. Tarixdən bəllidir ki, 28 iyun 1914-cü ildə Avstriya-Macarıstan krallığın vəliəhdi Arşidük Franz Ferdinandın Serbiyada sui-qəsdə məruz qalaraq öldürülmüşdü. Üzərindən təxminən 1 ay keçəndən sonra Avstriya-Macarıstan Serbiyaya olduqca ağır şərtləri ehtiva edən ultimatum göndərmişdi. 10 maddədən ibarət olan ultimatumda Serbiyadan anti-Avstriya təbliğatının qarşısının alınması, sui-qəsddə iştirak edənlərə qarşı hüquqi tədbirlər görülməsi və Avstriya-Macarıstan rəsmilərinin Serbiya ərazisində istintaqda iştirakına icazə verilməsi tələb olunurdu.
Serbiya ultimatumun əksər şərtlərini qəbul etdi, lakin Avstriya-Macarıstan nümayəndələrinin istintaqda iştirakına icazə verilməsi tələbini geri çevirdi. Çünki bu, Serbiyanın suverenlik haqlarının açıq-aşkar pozulması anlamına gəlirdi. Avstriya-Macarıstan isə bu rədd cavabını itaətsizlik kimi qiymətləndirdi və 28 iyul 1914-cü ildə Serbiyaya qarşı müharibə elan etdi.
Tarixçilərin fikrincə, ultimatum Serbiyanın onu rədd etməsi üçün hazırlanmışdı. Məqsəd Serbiyanı cəzalandırmaq və serb millətçiliyini cilovlamaq üçün casus belli (müharibə səbəbi) vəziyyəti yaratmaq idi.
Serbiya ilə Avstriya-Macarıstan arasında başlayan müharibə tezliklə onların müttəfiqlərinin də işə qarışması ilə I Dünya savaşına çevrildi. 18 milyon insanın ölümü ilə nəticələn müharibə 1918-ci ildə sonlansa da, təsirləri aradan qalxmadı və II Dünya savaşına yol açdı. Sadəcə I Dünya savaşı 4 böyük imperiyanın məhvi ilə nəticələndi. II Dünya savaşının nəticələri isə daha ağır oldu:
Təxminən 60 milyon insan öldü;
Milyonlarla insan yaralandı, evsiz-eşiksiz qalıb köçkün düşdü;
Yaponiyaya atom bombası atılması insanlarda gələcək nüvə müharibəsi qorxusu yaratmağa başladı;
Üçlər İttifaqı - Almaniya, İtaliya və Yaponiya kimi ölkələr müharibəni uduzdular;
Müharibə Avropanı iki yerə böldü: Kommunist Şərqi Avropa və demokratik Qərbi Avropa;
Almaniya da bölündü. Onun paytaxtı Berlin dörd işğalçı dövlətin nəzarəti altında müxtəlif zonalara bölündü;
Supergüclərin meydana çıxdı. ABŞ və Sovet İttifaqı beynəlxalq siyasəti müəyyən edən iki super gücə çevrildi.
II Dünya müharibəsindən sonra da qanlar durmadı. Soyuq Müharibə dövrü başlandı. Konkret rəqəm bilinməsə də dünyanın müxtəlif coğrafiyalarından gedən bu müharibələrdə milyonlarla insan öldü. Təkcə Koreya savaşında 2.5-3 milyon, Vyetnamda isə 3 və ya 3.8 milyon insanın öldüyü təxmin olunur. Bura Əfqanistanı və Yaxın Şərqi də daxil etsək, rəqəmlər xeyli qabarar.
Müstəmləkəçi imperiyalar zəiflədi: İngiltərə, Fransa və digər Avropa ölkələri öz müstəmləkələrinə nəzarəti itirdilər.
BMT-nin çatısı altında yeni dünya düzəni quruldu.
Bir sözlə, bəzən kiçik bir qığılcım qarşısı alınmaz böyük yanğınlara səbəb ola bilər. Avstriya-Macarıstan imperiyasının 23 iyul 1914-cü ildə Serbiyaya verdiyi ultimatum da son 120 il ərzində 100 milyondan çox insanın ölümüylə nəticələndi.
Heydər Oğuz
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru