“Yaradıcı Süni İntellekt: hər kəsin kitabı”
26-01-2026, 12:14

(150 sual – 150 cavab)
Bu gün kitabı tamamladıq və nəşrə hazırlanması mərhələsinə başladıq.
Müasir dünyanın ən sürətlə dəyişən sahələrindən biri süni intellektdir. Bu dəyişiklik artıq yalnız texnologiya mütəxəssislərini deyil, bütün cəmiyyəti əhatə edir. “Yaradıcı Süni İntellekt: hər kəsin kitabı” adlı bu fundamental nəşr məhz bu ehtiyacdan yaranıb. Kitab süni intellekti dar ixtisaslı elmi mövzu kimi deyil, insan həyatının bütün sahələrinə təsir edən universal bilik və bacarıq sahəsi kimi təqdim edir.
Kitabın əsas məqsədi süni intellektin elmi əsaslarını, tarixi inkişaf yolunu və praktik tətbiqlərini sadə, aydın və sistemli formada izah etməkdir. Nəşrdə süni intellektin riyazi və məntiqi təməli, alqoritmik düşüncə prinsipləri və texnoloji inkişaf mərhələləri elmi baxımdan düzgün, lakin texniki olmayan oxucu üçün başa düşülən dildə təqdim olunur. Tarixi hissədə süni intellekt ideyasının ilk fəlsəfi və riyazi köklərindən başlayaraq bu günə qədər keçdiyi inkişaf mərhələləri ardıcıl şəkildə araşdırılır.
Bu kitabın fərqləndirici cəhəti onun hamı üçün yazılmasıdır. Üç yaşlı körpədən yaşlı sakinə qədər, çobandan alimə, müəllimdən nazirə, deputata qədər, inşaatçıdan yüksək texnologiya mütəxəssisinə qədər hər kəs bu kitabda özünə uyğun bilik və istiqamət tapa bilər. Kitab “bilmək istəyən” hər kəs üçün addım-addım təlimat rolunu oynayır. Burada süni intellekt qorxulu və anlaşılmaz texnologiya kimi yox, insanın gündəlik həyatını asanlaşdıran, yaradıcılığını genişləndirən, məhsuldarlığını dəfələrlə artıran köməkçi kimi təqdim olunur.
Nəşr kağız formatında iki dilli xüsusi yanaşma ilə hazırlanıb. Kitab Azərbaycan dilində yazılıb, lakin fərqli və ya regionlararası işlənən sözlər mötərizə içində Anadolu türkcəsində də verilir. Bu yanaşma yalnız oxunaqlılığı artırmır, eyni zamanda Azərbaycan və Anadolu türkcəsi arasında sözlərin təbii şəkildə sinonim kimi qarşılıqlı daxil olmasına (dillərin eyniləşməsinə) zəmin yaradır. Bu, dilin canlı inkişafına xidmət edən nadir və düşünülmüş addımdır.
Elektron versiya isə tam fərqli miqyasda düşünülüb. Kitab süni intellekt platformalarının bildiyi təxminən 140 dildə əlçatan olacaq. Bu o deməkdir ki, dünyanın istənilən ölkəsində yaşayan oxucu kitabın məzmununa öz dilində çıxış əldə edə biləcək. Beləliklə, nəşr milli sərhədləri aşaraq qlobal bilik resursuna çevrilir.
Kitabda 50-yə yaxın süni intellekt proqramı ayrıca izah olunur. Bu proqramlar yalnız mətn yazan alətlərlə məhdudlaşmır. Şəkil və video yaradan, fikir xəritələri quran, layihə hazırlayan, dizayn və memarlıq işləri görən, konstruksiya layihələri hazırlayan, dərs verən repetitor, imtahan götürən, tibbi proseslərdə köməkçi olan, avtomobil, təyyarə və raket sistemlərində istifadə edilən, elmi əsərlər, şeir, roman, kitab, ssenari və dissertasiya yazan, musiqi bəstələyən, riyazi modellər quran süni intellekt sistemləri praktik şəkildə təqdim olunur. Qısacası, insanın görə biləcəyi işlərin böyük əksəriyyətini yerinə yetirə bilən texnologiyalar real nümunələrlə izah edilir.
Kitab yalnız keçmişi və bu günü izah etmir, gələcəyə də baxır. Burada futuristik yanaşma xüsusi yer tutur. Müəllif vurğulayır ki, indiki süni intellekt hələ başlanğıc mərhələsindədir. Qarşıdakı beş-on il ərzində süni intellekt kainat miqyasında elmi, texnoloji və fəlsəfi dəyişikliklərə səbəb olacaq. Kitabda kvant süni intellekti, kvant texnologiyaları və yeni formalaşan Kvant İntellekti (Kİ) nəsli geniş şəkildə izah olunur. Bu bölmələr oxucunu gələcək dünyaya hazırlamaq məqsədi daşıyır.
“Yaradıcı Süni İntellekt: hər kəsin kitabı” sadəcə kitab deyil. Bu, yeni dövr üçün maarifləndirici yol xəritəsi, təlimat və düşüncə dəyişikliyi çağırışıdır. Bu nəşr süni intellekti anlamaq, onunla işləmək və gələcəyi şüurlu şəkildə qarşılamaq istəyən hər kəs üçün yazılıb. Kitab yaxın həftələr ərzində oxucuların ixtiyarına veriləcək.
Dərin hörmətlə prof. Saleh Məmmədov

