TİBBİ TİCARƏT MÜƏSSİSƏSİ
28-01-2026, 08:14

(“Qısa hekayələr” silsiləsindən)
Mənim bir köhnə dostum var, hardasa yaşıdıq. “Vosmoy”da bir məktəbdə oxumuşuq, bir komandada futbol oynamışıq. Aydın uşaqlıqdan “buz baltası” idi, məktəbdə, məhlədə qabağına çıxan yox idi. İndi altmışı keçib, amma tay-tuşları arasında çətin ki, qolunu buran tapılsın. Hər gözəlin bir eybi olduğu kimi, mənim dostumun da axmaq bir adəti var, ildə bir dəfə, yazda özünü yoxlatmalı, tibbi müayinələrdən keçməlidir...
Deməli, Aydın 2025-in əvvəlində şəhərdə məşhur olan özəl Tibbi müəssisəyə gedir və bütün müayinələrdən (Kardioqramma, Rentgen, UZİ, ümumi qan analizləri və s.) keçir. Bu dəfə ona deyirlər ki, sənin mədəndə “kölgə” görünür, “onkologiya” əlamətləri var. Təcili həmin müəssisədə yenidən Rentgenə, UZİ-yə gedir, od qiymətinə xüsusi qan analizləri elətdirir. “Onkologiya” diaqnozu təsdiq edilir, həkimlər “konsilium” təşkil edir. Və özünün məşum qərarını verir: “Xəstə bir-iki günə təcili əməliyyat olunmalıdır. Əməliyyat olunmasa, ölüm təhlükəsi qaçılmazdır...” Əməliyyatın nəticələri, xəstənin sonrakı durumu ilə əlaqəli heç bir zəmanət verilmir. Amma açıq deyilir ki, əməliyyatın qiyməti 7-8 mindir...
Dostum bir az ağıllı, bir az imkanlı, bir az da dostcanlı adamdır. Həmişə hər şeyi dostlarla müzakirə edir, “kamil olmaq mümkünsüzdür” deyir. “Konsilium”un məşum qərarından sonra da bizə gəlir. Gördüm rəngi “qırmızı turp” kimidir, yanaqlarından da (burnundan yox!) qan damır. Soruşdum “mədən-zadın ağrıyır?”, cavab verdi ki, “heç yerini bilmirəm!” Dedim “yaxşı yeyirsən?”, dedi “elə-belə öz yerimə, babat vuranda, iki nəfərin yeyirə yeyirəm.” Sakitcə divandan durub stolun arxasına keçdik, həmişəki kimi əllərimizi çarpazladıq, qolumuzun gücünü yoxladıq. Dostumun qolu dəmir kimi idi, əymək mümkün deyildi.
Mənim yeznəm təcrübəli həkimdir, yaxşı terapevtdir. Bacımla Med.İnstitutda bir yerdə oxuyublar, sonra təyinatla uzun müddət Rusiyanın Sverdlovsk vilayəti, Nijni Tagil şəhərində işləyiblər. 10 ilə yaxındır ki, Azərbaycana gəliblər, indi Bakıda xəstəxanada işləyirlər. Yeznəmlə danışdım, dostum özəl Tibbi müəssisəsinin sənədlərini də götürdü, onlara getdik. Burda da həkimlər dostumu dinlədilər, sənədlərini incələdilər, ailəvi bir “konsilium” keçirdilər. Yeznəm soruşdu “yemək yeyəndən sonra ürəyin bulanır?”, “yox” cavabını eşitdi. Bacım “xəstə”nin son vaxtlar çəki itirib, itirməməsi ilə maraqlandı, dostum “yox” dedi.
Sonda yeznəm dostumun maddi imkanları ilə maraqlandı, bu dəfə “hə” cavabı eşitdi. Ailəvi “Konsilium”un tövsiyyəsi bu, oldu ki, Aydın təcili Nijni Tagil şəhərinə getsin, müvafiq müayinələrdən keçsin. Hətta dostuma konkret xəstəxana ünvanı da verdilər, həkim adı da dedilər. Yeznəm söz verdi ki, “həkimlə mən özüm də danışacağam”...
Bu hadisədən 3-4 il keçir, dostumun rəngi “qırmızı turp” kimidir, yanaqlarından da (burnundan yox!) qan damır. Arabir görüşürük, həkim yeznəmi də götürürük, “dostların sağlığına, öz sağlığımıza” babat vururuq. Bizim TİBBİ TİCARƏT MÜƏSSİSƏSİ-ni qorxulu yuxu kimi xatırlayırıq...
Qalib ARİF
TEREF

