Nadir şah Əfşarın böyük oğlu Rzaqulu Mirzə.

6-02-2026, 16:04           
Nadir şah Əfşarın böyük oğlu Rzaqulu Mirzə.
O, 1719-cu ildə anadan oldu. 1731-ci ildə Səfəvi şahı II Təhmasibin bacısı Fatimə sultan bəyimlə evləndi. Bu zaman özünün 12, gəlinin 14 yaşı vardı. Üç il sonra anadan olan ilk oğluna babası Nadir Şahrux adını qoydu. Şahrux Teymurun oğlunun adı idi və Nadir bununla özünü ona bənzədirdi.
Atası 1736-cı ildə Səfəviləri devirib taxta çıxanda Rzaqulunun 17 yaşı vardı. Elə həmin il Nadir onu Xorasan hakimi, ən görkəmli sərkərdələrindən olan Təhmasib xan Cəlayiri də lələsi təyin etdi. Rzaqulu burada özünü yaxşı göstərdi. Bəlx hakimi Əlimərdan xan Əfşarın üsyanını yatırdı. Nadir bu qələbəsinə görə ona qiymətli hədiyyələr verdi.
Sonra da atasının qadağasına baxmayaraq, Buxara xanlığına hücum etdi. Bəzi qələbələr qazandı. Amma Nadir ona geri dönməyi və Cəlalabada gəlməyi əmr etdi. Hindistan səfərinə yollanan Nadir oğlunu dövlətin naibi təyin etdi. Onun üçün müşavirlər də seçdi və bildirdi ki, daim onlarla məsləhətləşməlidir, müşavirləri vəzifələrindən uzaqlaşdırmaq ixtiyarı yoxdur. Xüsusilə tapşırdı ki, Səbzəvarda nəzarət altında saxlanılan devrilmiş II Təhmasib və azyaşlı oğlu III Abbasın həyatına görə məsuliyyət daşıyır.
Rzaqulu dövləti, ümumən, uğurla idarə etdi. Bununla belə atasının tapşırıqlarına tam əməl etmədi. Bəzi müşavirləri uzaqlaşdırdı. Vergilərin toplanmasında qəddarlığa yol verdi. Ən böyük itaətsizliyi isə II Təhmasiblə III Abbası öldürtməsi oldu.
Uzun müddət Nadirdən xəbər gəlmədiyindən ölümü barədə şayiələr yayılmişdı. Təhmasib və Abbası nəzarətdə saxlayan Məhəmmədhüseyn xan Qacar Rzaquluya dedi ki, Nadirdən xəbər olmaması fonunda Səfəvilərin xeyrinə üsyan qalxa bilər, onları öldürmək lazımdır. Naib tərəddüd edirdi, amma axırda razılıq verdi. II Təhmasib və iki oğlu - 8 yaşlı III Abbas və 7 yaşlı İsmayıl - öldürüldülər. Rzaqulunun arvadı, qardaşını çox sevən Fatimə sultan bəyim bu xəbəri eşitdikdə intihar etdi.
Hindistandan qayıdan Nadir də Səfəvilərin qətl xəbərini eşidib qəzəbləndi. Şahın və oğlunun münasibətlərinin soyuması bu hadisə ilə başladı. Nadir onu naiblikdən uzaqlaşdırdı və digər oğlu Nəsrulla mirzəni təyin etdi. Sonrakı dövrdə ata və oğul arasında tez-tez mübahisələr baş verirdi. Rzaqulu atasının qərarlarını, əməllərini tənqid edirdi, çuğullar da üstünə beşini qoyub şaha çatdırırdılar.
Carda öldürülən qardaşı İbrahimin qisasını almaq istəyən Nadir 1741-ci ilin yazında Şirvan səfərinə çıxdı. Mazandaran meşələrindən keçərkən şaha atəş açıldı və o, biləyindən yaralandı.
Heç bir sübutu olmasa da, Nadir əmin idi ki, qəsdi böyük oğlu təşkil edib. Bir il sonra bir nəfəri tutub onun hüzuruna gətirdilər. Həmin adam güllə atanın özü, sifarişçinin isə Rzaqulu olduğunu söylədi. Nadirin ittihamlarından qəzəblənən şahzadə xəncərinə əl ataraq atasının üstünə hücum etdi, amma qarşısı kəsildi. Əyan-əşrəf mirzəni dilə tutdular ki, şahın hirsini soyutmaq üçün günahkar olduğunu etiraf etsin, peşman olduğunu deyib bağışlanılmasını xahiş etsin. Amma qürurlu şahzadə qəbul etmədi. Nadir onun gözlərinin çıxarılmasını əmr etdi.
Bir neçə gün sonra Nadir peşman oldu, amma gec idi. O, oğlunun ziyarətinə getdi və Rzaqulu ona söylədi: “Bil ki, mənim gözlərimi çıxarmaqla sən özünü kor qoydun və bütün həyatını məhv etdin”. Sonralar iranlı qələm adamları bu cümləni “Sən məni yox, İranı kor etdin” şəklində dəyişdirdilər.
Oğluna etdiyi ədalətsizlik Nadirdə psixi pozğunluq yaratdı. Əvvəllər də otyeyən olmayan şah hamıdan şübhələnən psixopata, dalbadal ölüm hökmü çıxaran qaniçənə çevrildi. Bu da sonda onun özünün ölümü ilə nəticələndi.
Nadirin ölümündən sonra Adil şah adı ilə taxta çıxan qardaşı oğlu Əliqulu xan həm Rzaqulunu, həm Nəsrullah mirzəni, həm də onun övladlarını öldürtdü. Yalnız Şahrux sağ qaldı.
Tarixçilərin fikrincə, hərbi sahədə atası qədər bacarıqlı olan, iqtisadiyyat və idarəetmədə hətta üstələyən Rzaqulu mirzə böyük hökmdar ola bilərdi və dövləti daha da inkişaf etdirərdi. Amma belə olmadı. Nadirin ölümü ilə İran fasilələrlə yarım əsr davam edən xaosa yuvarlandı.
Yadigar Sadıqlı
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru