Minnətli Şorba Alleqoriyası
19-02-2026, 07:54

Dövlət sənə bir kağız parçası uzadır. Üstündə möhür, altında imza: Yemək Talonu. Amma bu kağızın arxasında xırda şriftlərlə yazılmış, bir qeyd var: Bu talon yalnız bizim təyin etdiyimiz "Mərkəzi İcbari Yeməkxana"da keçərlidir.
Ümidlə qaçırsan həmin yeməkxanaya. Qapıda İnsan seli. Hamısı əlindəki o əzilmiş kağız parçasını bərk-bərk sıxıb. Qeydiyyat pəncərəsinə yaxınlaşırsan, oradan əsəbi tonda bir səs gəlir:
— Yer yoxdur. Növbəyə yazıl. Bir aydan sonra gələrsən.
Bir ay... Bir ay ac qalmaq?
Həmin o bir ay sənin üçün cəhənnəm əzabı olur. Küçələri gəzirsən, mədən belinə yapışıb, gözlərin qaralır. Yolun kənarında şüşəli, işıqlı Özəl Restoranlar görürsən. İçəridən gələn qızarmış ətin, təzə çörəyin ətri burnunu yandırır. Vitrinin arxasında xoşbəxt insanlar oturub, ofisiantlar onlara şah kimi qulluq edir, hamının üzü gülür. Oraya girmək istəyirsən, amma sənin o Icbari Talonun oraya girməyə icazə vermir.
Nəhayət, o gün gəlir çatır. Bir ayın aclığı, zilləti ilə özünü "Mərkəzi Neftçilər Yeməkxana"sına çatdırırsan. Qapıda qiyamətdir. Saçyolduya çıxan kim, növbə üstündə bir-birinin boğazını gəmirən kim...
İçəri girəndə səni elə bir iy vurur ki, bir ay öncəki aclığına şükür edirsən. Xlorlu döşəmənin kəsif qoxusu, yuyulmamış qabların turşumuş iyi, yüz dəfə isidilib soyudulmuş yeməyin üfunəti, mətbəxdə qaçışan tarakanlar.. Hamısı bir-birinə qarışıb, ürəyini bulandırır.
Masaya oturursan. Süfrə yapışqan kimidir. Qarşına bir boşqab qoyurlar. Əlindəki qaşıqla o bulanıq suda nəsə axtarırsan. Bəlkə bir parça kartof tapasan. Hamının üzündə elə ifadə var ki elə bil bura hüzr yeridir. Bir molla çatmır ki, Fatihə versin.
Birdən başının üstündə bir səs gurlayır:
— Tez elə! Yeyib qurtardınsa dur, bayırda gözləyənlər var! Rəhmətliyin oğlu, istirahətə gəlib elə bil".
Bir kəlmə deyə bilmirsən. Boğazın düyünlənir. Onsuz da pulsuz verirlər. Min şükür buna da...O bulanıq suyu, o daş çörəyi hortuldada-hortuldada, boğula-boğula yeyirsən.
Cibindəki maaş cədvəlinə baxırsan. Birdən gözün o talona görə sənin maaşından hər ay pul tutulduğuna sataşır. Sən demə yemək əslində pulsuz deyilmiş. Sən müştəri idin, amma sənə dilənçi rəftarı etdilər. Sən haqqını yedin, amma sənə "minnət" yedizdirdilər.
Dr. Benjamin Karimov
TEREF

