Dövlət qurumlarını bir-birinin gözündə etibarsızlaşdırıblar....- Səxavət Məmməd yazır
14-04-2026, 00:01

Hər kəsin başa düşəcəyi dildə yazacam.
Məktəbdə oxuyurduq. Yaşımız 15-i keçən kimi bir gün idman müəllimimiz gəldi, oğlanlara dedi ki, sabah məktəbə "metrika" (doğum haqqında şəhadətnamə) ilə gəlin. Səhərisi gün hamımız "metrika"mızla gəldik. Bizi avtobuslara doldurub bir binanın qarşısına apardılar, boy sırasına düzdülər. Bir-bir içəri buraxdılar. İçəridə nə var idi? Göz həkimindən tutmuş ürək həkiminə qədər hamısı. Yoxlanışdan keçdik. İş bitəndən sonra bizi yenə avtobuslara doldurub məktəbə gətirdilər. Nə valideynimizin xəbəri oldu ki, hərbi qeydiyyat ("ağ bilet") üçün komissiyadan keçmişik, nə də özümüz bildik bu komissiya nə üçündür. Hansı uşaqda problem çıxmışdısa, valideyninə sonradan xəbər etdilər.
Dövr dəyişib. Elə bir zəmanəyə gəlib çıxmışıq ki, ağzının danışığını bilməyən adamlar süni intellektə təhlil, analiz yazdırır. Bu o deməkdir ki, hər şey daha da asanlaşmalı idi. Amma harda?! Oğlan uşağının hərbi qeydiyyat yaşı çatanda valideyn ən azı iki gün xəstəxana-xəstəxana gəzməlidir. Məntiq deyilən bir şey var: o "ağ bilet" kimə lazımdır? Dövlətə! Bundan sonrasını "sənə" deyə yazacam. Sənə lazım olan sənədə görə vətəndaş niyə əziyyət çəkməlidir? Niyə növbələrdə durmalıdır? Qanunlar, qaydalar vətəndaşların həyatını və şəraitini asanlaşdırmaq üçündür. 25 il əvvəlki qaydaya baxırsan – daha asan, daha mütərəqqidir. Hələ qeyd edirlər ki, komissiya pulsuzdur. Başa düşmədim, sənə lazım olan şeyə görə vətəndaş hələ bir pul da ödəməlidir? 18 yaşı tamam olan uşağı məni qorumağa, mənə xidmət etməyə yox, sərhədi qorumağa, dövlətə xidmətə aparırsan. Sənə görə valideyn niyə minnət götürməlidir?
Əsgərlik vaxtı gəlib çatır. Sağlamsansa, kefdəsən! Komissiyadan keçib gedirsən dövlətə xidmət etməyə. Amma vay o günə ki, bir problemin olsun. Səfərbərlik xidməti səni göndərir ƏƏSMN-in (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) tərkibindəki komissiyaya. Bu məsələdə Səfərbərlik xidmətinin heç bir günahı yoxdur. Əslində bu sistemi quranlar qurumlararası etibarın olmadığını göstərirlər. Dövlət qurumlarını bir-birinin gözündə etibarsızlaşdırıblar.
Məsələn, bir qohumum var, gözündə problem vardı. Səfərbərlik xidməti onu digər komissiyaya göndərdi. O komissiya da vaxt kəsir ki, "get müalicə al, filan tarixdə yenə gələrsən". Vaxt çatır, yenə eyni proses... Təsəvvür edin, bir ilə yaxın o uşağı dala-qabağa süründürdülər. Uşaq isə xidmətə getmək istəyir. Hətta altdan-altdan rüşvət verməyə də razıdırlar ki, təki aparsınlar. Niyə getmək istəyir? Çünki bu qaydaları qoyanların cəmiyyətdən xəbəri yoxdur. İş üçün hərbi bilet tələb olunanda orada "yararsız" qeydi görsələr, çox yerdə işə götürmürlər. Yəni insanlar hərbi xidmətdən yayınmaq yox, əksinə, getmək istəyirlər. Amma bəziləri guya rüşvətin qarşısını almaq üçün ikinci bir tibb komissiyası uydurublar. İndi orduda xidmət etməyə nə var ki?! 10-15 il əvvəl xidmət edənlər üçün indiki şərait uşaq bağçası kimi görünür.
Biri də var, həqiqətən xəstəliyi olan şəxslər. Adamlar illərdir müalicə alır, xəstəliyi ilə bağlı əlində tonla sənədləri var. Deyirlər, sənin müalicə aldığın xəstəxananı biz qəbul etmirik, gedib bizim dediyimiz yerdən təzədən müayinədən keçməlisən. Bəlkə yeganə ölkəyik ki, bir dövlət xəstəxanasının sənədini, başqa bir dövlət qurumu qəbul etmir. Rüşvətin, korrupsiyanın qarşısını camaatı süründürməklə almırlar. Sən hansısa məmuruna, qurumuna inanmırsan deyə, bunun əziyyətini, zülmünü, növbəsini vətəndaş çəkməlidir?
Hələ "konsert" bununla da bitmir. Bəzən çağırışçı da, valideyn də bildirir ki, "bu uşağın psixoloji problemi var, aparmayın". Deyirlər, "yox, getməlidir". Aparırlar. Ordunun özünün də tibb komissiyası var axı. Orada yoxlayıb görürlər ki, bu adam həqiqətən yararsızdır. Ordu da düşünür ki, kadr yetişdirmək asan deyil; onsuz da problemlər var, psixoloji problemli bir əsgər sabah bir hərəkəti ilə bir neçə komandirin karyerası ilə oynayacaq. Ona görə də onu öz sıralarından rədd edir.
İndi hansı dövrdür ki, valideynlər övladlarını xidmətdən yayındırmaq istəsinlər? O vaxt cəbhə xətti var idi, müharibə şəraiti idi, haradasa bunun səbəbini anlamaq olurdu. İndi sağlam uşağına "yararsız" sənədi almaq istəyən nə qədər adam var ki? Arada bu cəmiyyətin içinə çıxın, insanlarla söhbət edin...
Səxavət Məmməd
TEREF

