Azərbaycanın şəhid generalı Məhəmməd Əsədov...
Bu gün, 10:04

Azərbaycanın şəhid generalı Məhəmməd Əsədov bir dəfə icra katibi olanda qonşu rayona gedirmiş, yolda maşın xarab olur. O, sürücünü maşında buraxıb, özü magistral yolda kömək tapmağa çalışır. Bu vaxt bir milis maşını onun yanından ötüb keçir, sonra geri qayıdıb dayanır və içəridən bir milis zabitinin amiranə səsi eşidilir:
- Gecə vaxtı burada nə gəzirsən?
Məhəmməd Əsədov cavab verir:
- Maşınım xarab olub, kömək lazımdır.
Milis zabiti:
- Maşınında nə var? Nə oğurlamısan, hara aparırsan? Otur maşına, gedək şöbədə hamısını boynuna alarsan!
Milis şöbəsinə gəlirlər. Bura Məhəmməd Əsədovun getmək istədiyi rayonun milis şöbəsi idi və həmin zabit də şöbə rəisinin müavini imiş. Rəis müavini kağız-qələm çıxarır. Kağızı Məhəmməd Əsədova göstərib deyir:
- Bilirsən bu nədir? Bu, dövlət sənədidir! Dolduruldu, qurtarıb getdi, onu daha cırmaq olmaz! İndi de görüm kimsən, haradan gəlib hara gedirsən, nə aparırsan?
Məhəmməd Əsədov özünü təqdim edir, milis rəisi müavininin əvvəlki hökmündən əsər-əlamət qalmır və doldurulmamış protokol formasını cırmaq istəyir. Məhəmməd Əsədov qoymur:
- Siz dediniz ki, protokol dövlət sənədidir, onu cırmaq olmaz. Yazın görək mənim günahım nədir, haradan gəlirəm, haraya gedirəm və nə aparıram!
Rəis müavini:
- Vallah, siz kimliyinizi əvvəlcədən desəydiniz, mən bu cür hay-küy salmazdım.
Məhəmməd Əsədov:
- Siz yolda məgər kimliyimi soruşdunuz? Heç özünüzü təqdim etdiniz? Hamını isə quldur bilirsiniz.
Buqələmun
TEREF

