Pekin "Meta"nın 2 milyard dollarlıq süni intellekt startapı almasını qadağan etdi

28-04-2026, 09:24           
Pekin "Meta"nın 2 milyard dollarlıq süni intellekt startapı almasını qadağan etdi
Çin Xalq Respublikasının Dövlət İnkişaf və İslahat Komissiyası 27 aprel, bazar ertəsi günü "Meta" şirkətinin “Manus” adlı süni intellekt startapını satın alma sazişinin ləğv edilməsi barədə qərar verib.
Bizimyol.info xəbər verir ki, "Bloomberg News"un məlumatına görə, qərar ölkənin qanun və normativ aktlarına uyğun olaraq qəbul edilib, lakin rəsmi açıqlamada əlavə detallar verilməyib.

Pekin bu addımı, ABŞ-yə mühüm texnologiyaların ötürülməsi ilə bağlı narahatlıqlar səbəbindən Çində ciddi tənqidlərə məruz qalan mübahisəli sövdələşmənin qarşısını almaq məqsədilə atıb. Tənzimləyici orqanın qərarı Çinin sürətlə inkişaf edən süni intellekt sektorunda ciddi sarsıntılara səbəb ola bilər və "Meta"nın bu sahədə "Microsoft", "Google", "OpenAI" və "Anthropic" kimi şirkətlərlə rəqabət aparmaq planlarına zərbə vura bilər.

Məlumata görə, sövdələşmənin baş tutacağı təqdirdə “Manus”un texnologiyalarının "Meta"ya süni intellekt agentləri sahəsində – yəni mürəkkəb tapşırıqları müstəqil şəkildə yerinə yetirə bilən sistemlərdə – lider mövqe qazandıracağı gözlənilirdi.

Hazırda "Meta"nın bundan sonra hansı addım atacağı bəlli deyil. Bildirilir ki, qadağa tətbiq olunmazdan əvvəl saziş faktiki olaraq tamamlanmışdı: “Manus” əməkdaşları artıq Sinqapurda "Meta" ofislərinə köçmüş, startapın investorları – o cümlədən "Tencent Holdings" və "Hongshan" – ödənişlərini almışdılar. "Meta" isə rəsmi açıqlamasında sövdələşmənin mövcud qanunlara uyğun olduğunu və Çin araşdırmasının nəticələrini gözlədiyini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru