Niyə ətir biznesi son günlər bu qədər populyardır?
27-08-2025, 16:14

Son dövrlərdə ən geniş yayılmış bizneslərdən biri ətir biznesidir. İstər sosial media platformalarında, istərsə də real həyatda ətir satanların sayı getdikcə artır.
Bəs ətir biznesinin bu qədər geniş yayılmasına səbəb nədir?
Marketinq eksperti Samir Mehdiyev Valyuta.az-a açıqlamasında bildirib ki, ətir bazarı digər bizneslərə görə emosional dəyəri ilə yanaşı, yüksək kommersiya potensialı ilə də seçilir: “İstehlakçı üçün ətir sadəcə məhsul deyil, eyni zamanda kimliyi və zövqü əks etdirən şəxsi imzadır. Bu səbəbdən həmin sahədə tələbat davamlıdır və mövsümi dəyişikliklərdən asılı deyil. İnvestorlar üçün isə əsas üstünlüklər yüksək mənfəət marjası və qlobal bazara çıxış imkanlarıdır. Ətir istehsalında maya dəyəri nisbətən aşağı olsa da, brend imici və qablaşdırma vasitəsilə məhsul premium seqmentdə təqdim edilə bilir. Bundan əlavə, bu sahə dəbdəbə və prestijlə assosiasiya olunduğu üçün brendlərin kapitallaşması və bazarda mövqelərini möhkəmləndirməsi daha sürətli baş verir”.
Ətir bazarında son illər hansı trendlər diqqət çəkərək satışları artırır?
S.Mehdiyev qeyd edir ki, qramla satılan və niş ətirlər daha çox diqqət çəkir: “Niş ətirlər: İstehlakçılar daha çox unikal və fərdiləşdirilmiş qoxulara üstünlük verirlər. Bu, həm status, həm də fərqlilik hissini gücləndirir. Qramla satılan ətirlər: Bu model əlçatanlığı artır. Müştəri yüksək qiymətli brendlərin ətirlərini tam flakon almadan, qramla əldə edə bilir. Bu, həm qiymət baxımından sərfəlidir, həm də müştəriyə müxtəlif ətirləri sınaqdan keçirmək imkanı verir”.
Yeni ətir brendi bazara çıxarkən uğurlu marketinq strategiyası necə olmalıdır?
“Yeni brend bazara daxil olarkən əsas diqqət brend kimliyi və hekayəsinə yönəlməlidir. İstehlakçı yalnız məhsulu deyil, onun arxasında duran ideyanı və emosiyanı da satın alır. Qablaşdırma və dizayn müştərinin ilk təəssüratını formalaşdırdığı üçün xüsusi əhəmiyyət daşıyır. Rəqəmsal mühitdə influencer əməkdaşlıqları və sosial media kampaniyaları brendin sürətli tanıdılması baxımından effektivdir. Bundan əlavə, limitli kolleksiyalar eksklüzivlik yaradır və marağı artırır, nümunə təqdimatı isə satışa çevrilmə göstəricilərini yüksəldir”.
Müştərilər ətir seçərkən ən çox hansı faktorları nəzərə alır?
“Müştəri qərarını formalaşdıran əsas meyarlar bir neçə istiqamətdə cəmlənir:
Qalıcılıq (davamlılıq): Ətirin gün ərzində nə qədər uzun müddət qalması əsas göstəricidir. İstifadəçi üçün qoxunun intensivliyi qədər qalma müddəti də vacibdir.
Qiymətin əlçatanlığı: Müştəri büdcəsinə uyğunluq seçimdə mühüm rol oynayır. Xüsusilə orta seqmentdə alıcılar keyfiyyətlə yanaşı münasib qiymət axtarırlar.
Brendin və mağazanın tanınmışlığı: İstehlakçı üçün etibarlı və tanınan satış nöqtəsi vacibdir. Tanınmış mağazadan və ya güclü imici olan brenddən alış daha çox inam yaradır.
Fərdilik və uyğunluq: İnsanlar öz xarakterlərinə və həyat tərzinə uyğun qoxunu seçməyə çalışırlar.
Rəy və tövsiyələr: Ənənəvi reklamla yanaşı, yaxın çevrənin fikri və ya sosial media təsirçilərinin tövsiyələri də satınalma qərarına təsir göstərir”- deyə ekspert bildirib.
Tənzilə Ağabalayeva

