Ermənistan "Tramp Marşrutu" layihəsindəki 74%-lik payı ilkin olaraq 49 il müddətinə ABŞ-a təhvil verəcək
20-01-2026, 11:18
Ermənistan "Tramp Marşrutu" layihəsindəki 74%-lik payı ilkin olaraq 49 il müddətinə ABŞ-a təhvil verəcək. Yerevan isə 26%-lik pay saxlayır. Xəbər, Ermənistan Xarici İşlər Nazirliyinin dərc etdiyi TRIPP (Zəngəzur yolu) dəhlizinin həyata keçirilməsi üzrə çərçivə müqaviləsində bildirilir. Amerika tərəfi bütün tranzit infrastrukturundan əldə edilən gəlirləri planlaşdırmaq, qurmaq, istismar etmək və idarə etmək üçün eksklüziv hüquqlar əldə edəcək. Saziş əgər, daha 50 il uzadılsa, Yerevanın payı 49%-ə qədər artacaq. Və yəqin ki, dəhlizə investisiya, çəkilən tikinti xərclərini, qorumanı da ABŞ həyata keçirəcək. Layihə 8 avqust 2025-də Donald Tramp, İlham Əliyev və Nikol Paşinyan arasında Vaşinqtonda keçirilən üçtərəfli görüşdən başlanıb. Görüşdə Bakı ilə Yerevan arasında sülh razılaşması və Azərbaycanla Naxçıvan arasında nəqliyyat əlaqəsinin yaradılması barədə saziş imzalanıb. Bununla, Cənubi Qafqaz faktiki olaraq, Rusiya təsirindən ABŞ-ın iqtisadi-siyasi təsirinə keçir. Və ABŞ bu gedişlə çətin ki, Qafqaz bölgəsinə bitişik və onu Ərəb körfəzi ilə birləşdirən İranı onun hakimiyyətini dəyişdirməklə öz təsirinə almamış rahat buraxsın, çox da gec olmadan. İlqar Altay.