BMT Sikh əsilli blogeri dərhal azad etməyə çağırıb

Bu gün, 12:24           
BMT Sikh əsilli blogeri dərhal azad etməyə çağırıb
BMT İnsan Hüquqları Şurasının ekspertləri Hindistanda uzun müddətdir qeyri-qanuni həbsdə saxlanılan Şotlandiya vətəndaşı zikh əsilli blogger və insan hüquqları müdafiəçisi Caqtar Sinq Cohalın (Jagtar Singh Johal) həbsinin uzadılmasını psixoloji işgəncə kimi qiymətləndirildiyini və onun dərhal azad edilməsini tələb edən bəyanatla çıxış ediblər.

Cohal 2017-ci ilin noyabr ayında həbs edilmişdir. Ona sağçı hindu liderlərinə qarşı terror aktlarının planlanmasında iştirak etmək ittihamı irəli sürülmüşdür. İşgəncələrin qarşısının alınması sahəsində ixtisaslaşmış xüsusi məruzəçilər də daxil olmaqla, BMT-nin on müstəqil eksperti birgə bəyanatda onun "səkkiz ildən artıq müddətdir (3089 gün) ki, azadlıqdan məhrum edildiyini, və qeyri-qanuni həbsdə saxlanıldığını" vurğulamış və məhkəmə işinin hələ də yekunlaşmadığını qeyd etmişlər.

Qeyd edək ki, Caqtar Sinq Cohal Sikh icmasının fəal üzvü, blogger və insan hüquqları müdafiəçisi olmaqla yanaşı, Hindistan dövlətinin Zikh azlığına qarşı yürütdüyü siyasətin açıq tənqidçisi kimi tanınırdı. Onun fəaliyyəti əsasən Hindistan hökumətinin zikh icmasına qarşı həyata keçirdiyi sistemli zorakılıq aktlarını, dövlət səviyyəsində baş verdiyi insan hüquqları pozuntularını və etnik-dini azlıqlara qarşı tətbiq edilən ayrı-seçkilik siyasətini beynəlxalq ictimaiyyətə çatdırmaq üzərində qurulmuşdu.

BMT İnsan Hüquqları Şurasının ekspertləri bildiriblər ki, Cohal saxlanıldığı ilk 10 gün ərzində nə ailə üzvləri, nə də vəkili ilə əlaqə saxlaya bilib. Onların sözlərinə görə, bu müddətdə o, Hindistan hüquq-mühafizə orqanları tərəfindən elektroşok daxil olmaqla işgəncəyə, öldürülmə hədələrinə və digər qanunsuz rəftara məruz qalıb.

Bəyanatda qeyd olunur ki, Cohal 2025-ci ilin martında terrorizm ittihamı üzrə bəraət alsa da, hələ də həbsdə saxlanılır. Ekspertlər bunu təqsirsizlik prezumpsiyasına hörmətsizlik, eyni ittihamlar üzrə təkrar mühakimə və antiterror qanunvericiliyindən sui-istifadə kimi qiymətləndiriblər. Onlar həmçinin Cohalın saxlanma şəraitinin pisləşdiyini, ailə görüşlərinin və gigiyena vasitələrinə çıxışın məhdudlaşdırıldığını, təkadamlıq kamerada saxlanıldığını bildiriblər.

Ekspertlər Hindistan hökumətini bütün əsassız ittihamları ləğv etməyə, Cohalı dərhal azad etməyə və işgəncə iddiaları üzrə müstəqil araşdırma aparmağa çağırıblar. (Modern.az )












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru