“Putinin “üçbaşlı müharibə koalisiyası” Azərbaycanla münaqişəyə səbəb ola bilər” -erməni politoloq
Bu gün, 10:58

“Erməni xalqı iyunun 7-fə keçiriləcək parlament seçkilərində bir neçə vacib suala cavab verəcək, ilk növbədə, hansı istiqamətdə getmək istədiklərinə dair”.
Teleqraf xəbər verir ki, bunu erməni politoloq Areq Koçinyan deyib.
“Baş nazir Nikol Paşinyanın “üçbaşlı müharibə koalisiyası”nın hakimiyyətə gəlməsinin Azərbaycan və Ermənistan arasında yeni müharibəyə səbəb olacağı fikri doğrudur”, - o bildirib.
Ekspert bu qüvvələrin Rusiyaya bağlı olduğunu söyləyib.
Koçinyan qeyd edib ki, Ermənistan hakimiyyətinə iddialı radikal müxalifətinin məqsədi ölkəni yenidən Rusiyanın əyalətinə çevirməkdir:
“Vaxtilə Serj Sərkisyan qorxa-qorxa Moskvaya gedərək, Avrasiya İqtisadi Birliyinə qoşulduğumuzu bəyan etmişdi. Onlar bu gün də bizi bir ölkə və dövlət kimi yox, əyalət və forpost kimi görürlər”.
Nikol Paşinyanın Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşündə baş verənlərə toxunan Koçinyan vurğulayıb:
“Putin “onlar bizim adamlarımızdır” deyəndə buradakı tərəfdaşlarını ifşa etdi. Putinin dəstəklədiyi hər kəs siyasi meyitə çevrilir, o, karapetyanları məhv etdi. Ümumiyyətlə, Rusiyanın təbliğat maşını kiməsə hücum edəndə, bu, çarın nəyisə bəyənmədiyi anlamına gəlir”.
Xatırladaq ki, Areq Koçinyan “üçbaşlı müharibə koalisiyası” dedikdə, Ermənistanın sabiq prezidenti Robert Köçəryanın rəhbəri olduğu “Ermənistan” bloku, rusiyalı oliqarx Samvel Karapetyanın “Güclü Ermənistan” və Qaqik Sarukyanın “Çiçəklənən Ermənistan” partiyalarının seçki ittifaqını nəzərdə tutur.

