Omsk yaxınlığında “nüvə göbələyi”... - Əhali təlaş içərisindədir (VİDEO)
19-11-2025, 10:24

Rusiyanın Omsk vilayətində yerləşən Rostovka qəsəbəsi yaxınlığında güclü partlayış və ardınca iri həcmli yanğın qeydə alındığı bildirilir.
Sosial şəbəkələrdə yayılan videolarda alovun “nüvə göbələyi”nə bənzər nəhəng sütun şəklində qalxdığı görünür. Hadisə yerində qaz qoxusunun bütün ərazini əhatə etdiyi deyilir.
Sosial mediada videolar paylaşan yerli istifadəçilər bunun magistral qaz borusunda baş verən qəza olduğunu iddia edirlər. Bildirilir ki, hadisə rayonun yaşayış hissəsinə yaxın ərazidə baş verib və partlayışdan sonra bölgəyə onlarla yanğınsöndürən cəlb olunub.
Hazırda yanğının söndürülməsi və ətraf ərazilərə yayılmasının qarşısının alınması üçün fövqəladə xidmətlərin iş apardığı qeyd olunur.
Hadisə barədə Rusiya Fövqəladə Hallar Nazirliyi və vilayət administrasiyası indiyə qədər geniş rəsmi açıqlama verməyib. Yalnız bəzi yerli mənbələr qəzanın sənaye zonasında baş verdiyini və yaşayış massivləri üçün birbaşa təhlükə olmadığını bildirirlər.
Partlayış və yanğının dəqiq səbəbi barədə məlumat yoxdur.
Rostovka sakinləri sosial şəbəkələrdə kəskin qaz qoxusundan, eləcə də alovun bir neçə kilometrdən görünməsindən şikayət edirlər. “Nüvə göbələyi” metaforası isə daha çox vizual effekt səbəbindən paylaşımlarda istifadə olunub.

