Avtomobil qəzasında həlak olmuş Qəşəm Aslanovun anım günüdür

19-11-2025, 15:38           
Avtomobil qəzasında həlak olmuş Qəşəm Aslanovun anım günüdür
Xan kəndində vilayət partiya komitəsinin binasında ciddi bir müşavirə keçirilirmiş. Muxtar vilayətə daxil olan bütün rayonların rəhbərləri və bir çox rəhbər işçiləri iştirak edirmiş. İclas qurtarandan sonra birinci şəxslər (birinci katiblər, icrakom sədrləri, prokurorlar, rəislər və b.) harada nahar etmək (əslində yeyib-içmək) barədə müzakirə aparırlar və qərara alırlar ki, Şuşaya qalxsınlar.
Qabaqda DQMV PK birinci katibi Boris Sərkisoviç Gevorkovun maşını olmaqla karvan Şuşaya yola düşür. Ermənilər Qəşəm Aslanovun maşınını qəsdən axıra saxlayırlar.
Ağa körpüsünü keçən kimi Qəşəm müəllim sürücüsünə deyir ki, qazı bas, bunların hamısını keç. Sürücü, rəhmətlik Nəbi kişi qarşıda gedən maşınları bir-bir sürətlə ötüb Gevorkovun lap qabaqda gedən maşınına çatır.
Aslanov gülümsəyir:
– Bunu da keç.
– Qəşəm müəllim, – deyə Nəbi kişi təəccüb və tərəddüdlə onun üzünə baxır.
– Keç deyirəm sənə!
Sürücü sürəti artırıb dolaylarda Gevorkovun da maşınını arxada qoyur və böyük sürətlə Şuşaya girir.
Maşını danışılan yerdə saxlayandan bir az sonra vilayətin birinci şəxsinin maşını da çatır, ardınca da digər vəzifəlilərin xidməti avtomobilləri.
Gevorkov maşından düşür və qəzəbli halda Qəşəm müəllimin üstünə gedir. Bir əli cibində, digəri belində əsəbi şəkildə:
– Ara, Aslanov, – deyir, – bu nə hərəkətdir? Sən kimin maşınını "abqon" edirsən? Sən kimi toza basırsan? Sən nə etdiyini bilirsənmi?
– Baris Sərkisoviç, – deyə Qəşəm Aslanov təmkinlə və bir qədər də hökmlə cavab verir, – birdəfəlik yadında saxla, Ağa körpüsündən bəri mənim rayonumdur, mənim ərazimdir, Şuşadır. Buranın da rəhbəri mənəm. Sən ancaq Stepanakertdə ağalıq edə bilərsən, Şuşada yox!
...Bu gün Qəşəm müəllimin xatirə günüdür, avtomobil qəzasında həlak olmasının 41-ci ildönümüdür. Ona görə də onun haqqında topladığım çoxsaylı əhvalatlardan birini yazdım.
Allah rəhmət eləsin!
Ruhu şad olsun!!
Kerim Kerimli
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru