Abonentin iştirakı olmadan sayğac dəyişdirilə bilər? - AKTUAL

22-11-2025, 00:07           
 Abonentin iştirakı olmadan sayğac dəyişdirilə bilər? - AKTUAL
Son günlər müxtəlif ünvanlarda kommunal xidmət qurumlarının əməkdaşları tərəfindən sayğacların dəyişdirilməsi ilə bağlı şikayətlər artıb.

Vətəndaşlar bildirirlər ki, bəzi hallarda bu proses onların əvvəlcədən razılığı və ya məlumatlandırılması olmadan həyata keçirilir.

Bu isə sayğacların hansı qaydada və hansı hallarda dəyişdirilə biləcəyi ilə bağlı suallar doğurur.

Bəs sayğac abonentin icazəsi olmadan dəyişdirilə bilərmi? Proses necə tənzimlənməlidir? “Smart-kart” tipli sayğacların mexaniki sayğaclarla əvəzlənməsi, yaxud mexaniki sayğacların “Smart-kart” tipli sayğaclara keçidi zamanı xəbərdarlıq vacibdir?

Məsələ ilə bağlı iqtisadçı Akif Nəsirli “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, son günlər bəzi qurumların əməkdaşları sayğacları abonentlərə əvvəlcədən xəbər vermədən dəyişdirdiyi barədə şikayətlər artır.

Onun sözlərinə görə, qanunvericilik sayğacların yalnız zədələnmə, istismar müddətinin bitməsi və ya texniki baxış zamanı qüsur aşkar edildiyi halda dəyişdirilməsinə icazə verir:

“Qanunvericiliyə görə, sayğaclar zədələnəndə, köhnəlib istifadəyə yararsız olanda və ya texniki yoxlama nəticəsində qüsur aşkar ediləndə dəyişdirilə bilər.

Əgər problem abonentin günahından yaranmayıbsa, dəyişdirmə şirkətin hesabına aparılır. Qaz sayğaclarında 5 ildən bir dövri yoxlama keçirilir və yararsız sayılarsa, dəyişdirmə həyata keçirilir.

Bu zaman akt tərtib edilir və abunent mövcud olduqda prosesi izləyə bilər. Abunent aktı imzalamaqdan imtina etsə belə, bu barədə qeyd yazılır”.

O qeyd edib ki, qanunvericilikdə “mütləq əvvəlcədən icazə alınmalıdır” kimi yazı olmasa da, abonentin məlumatlandırılması və prosesin sənədləşdirilməsi vacibdir:

“Sayğacın növünün dəyişməsi, məsələn, mexanikdən “Smart-kart” tipli və ya əksinə keçid - texniki və ya modernləşmə proqramları çərçivəsində edilə bilər. Dəyişdirilmə zamanı sayğacın əvvəlki göstəriciləri mütləq qeyd edilməlidir ki, sonradan hesablaşmada problem yaşanmasın.

Qanunda açıq şəkildə “mütləq əvvəlcədən icazə alınmalıdır” qaydası yazılmasa da, proses şəffaf olmalı, sənədləşdirilməli və abonent məlumatlandırılmalıdır.

Əgər sayğac xəbərdarlıq edilmədən dəyişdirilibsə, abonent quruma müraciət edib aktın surətini tələb edə və zərurət olarsa, tənzimləyici quruma və ya məhkəməyə şikayət verə bilər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru