Azərbaycanda magistraturanı pulsuz da oxumaq istəyən yoxdur
Bu gün, 00:04

Magistraturaya qəbul imtahanının nəticələri əsasında məzunları ən yüksək və ən zəif nəticə göstərən təhsil müəssisələrinin adı açıqlanıb.
Bu barədə məlumat Dövlət İmtahan Mərkəzinin (DİM) "Abituriyent" jurnalının 12-ci nömrəsində dərc edilən 2025/2026-cı tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materiallarda yer alıb.
Hesabata əsasən, ən yüksək nəticəni Bakı Ali Neft Məktəbinin, ən zəif nəticəni isə Azərbaycan Milli Konservatoriyası və Bakı Xoreoqrafiya Akademiyasının məzunları göstərib.
Qeyd edək ki, son illər magistarura təhsilinə maraq azalır. Gənclər bunun səbəbini müxtəlif amillərlə izah edirlər. Maraqlıdır, magistratura imtahanlarında yüksək nəticə göstərən universitetlərin sayının azlığı qəbul imtahanların çətinliyi, yoxsa ali məktəblərdə tədrisin zəif olması ilə bağlıdır?
Məsələ ilə bağlı təhsil üzrə ekspert Məzahir Məmmədli “Cebheinfo.az”-a bildirib ki, Azərbaycanda magistratura üçün əmək bazarının ciddi tələbi yoxdur:
“Hazırda magistraturaya ancaq o şəxslər üz tuturlar ki, onlar özləri gələcəkdə perspektiv üçün ya ali təhsil müəssisələrində, ya da dövlət qulluqçusu kimi işləyəcəklər.
Bu gün ən böyük əmək bazarı müəllim ixtisası ilə bağlıdır ki, onlar üçün magistratura tələbi yoxdur. Bəzi sahələr üzrə də magistratura təhsili şərt kimi qoyulmur. Əgər bir insanın biliyi, bacarığı kifayət edirsə, müəssisə və təşkilat rəhbəri onu işə götürür”.
Magistratura imtahanında yüksək nəticə göstərmək məsələsinə gəldikdə, ekspert deyir ki, Bakı Ali Neft Məktəbi universitetlərin içərisində hər il ən çox Prezident təqaüdünə layiq görülən tələbələrin üz tutduğu ali təhsil ocağıdır:
“Əsasən yüksək intellektli, savadlı kadrlar oradan məzun olur. BANM-ın tədris, maddi-texniki bazası imkan verir ki, tələbələr oradan yüksək səviyyədə məzun olsunlar.
Nəticələrin zəif olmasına gəldikdə isə burada bir qədər fərqli nüanslar var. Məsələn, Dövlət İmtahan Mərkəzi hər suala görə bir bal müəyyən edir və 100 mümkün baldan 50-si məntiqi təfəkkürü öyrənən sualdır.
Məntiqi təfəkkürü harada öyrənmək olar? Ümumtəhsil məktəblərinə baza yoxdur, məntiq dərsi keçirilmir. Ali təhsil müəssisələrində məntiq çox zəif tədris olunur. Bəzilərinin proqramında heç yoxdur. İmtahanda 25 sual informatikadan düşür. Ümumtəhsil məktəblərində “İnformatika” fənninin heç normal tədrisi də yoxdur.
Üçüncüsü, xarici dil bilikləridir ki, 20 sual təşkil edir və bu ümumilikdə 95 bal, 5 bal isə esse olur. Həmin esse isə xarici dildə yazılmalıdır. Ona görə də magistraturaya qəbul üçün çox mürəkkəb sistem yaradılıb. Statistikaya baxdıqda məlum olur ki, təkcə ötən il 3 mindən artıq yer boş qalıb.
Onlardan 1200 yer dövlət sifarişli yerlərdir. Bu da ondan xəbər verir ki, hətta dövlət sifarişi ilə pulsuz belə, magistratura oxumaq istəyən yoxdur. Bir tərəfdən, qəbulda yaranan bürokratiya ilə bağlıdır. İkinci bir tərəfdən, əmək bazarının tələbinin şərt kimi qoyulmaması ilə əlaqədardır.
Üçüncüsü, müharibə dövründə oğlanlar daha çox magistr ixtisasını seçirdilər ki, iki il hərbi xidmətdən möhlət hüququ ala bilsinlər. Ancaq indi buna da ehtiyac qalmayıb. Ona görə də bakalavrlar hərbi xidməti daha erkən başa vurmağın marağındadırlar ki, o da magistraturaya qəbula müəyyən qədər təsir edir”.

