Kim boynuna alacaq ki, rüşvət alıb yerləri satmışam' - Almaxanımdan AÇIQLAMA

22-11-2025, 00:06           
Kim boynuna alacaq ki, rüşvət alıb yerləri satmışam' -
"Siyavuş Kəriminin etdiyi əməlləri qəbul etməməsi, mənim dediklərimi təkzib etməsi normaldır. Kim boynuna alacaq ki, mən rüşvət almışam, yerləri satmışam".
Bu sözləri azxeber.com-a açıqlamasında son günlər mədəniyyət sahəsindəki problemdən danışan müğənni Almaxanım Əhmədli deyib.
Almaxanım bildirib ki, bu məsələdə sonuna qədər getməyə qərarlıdır:
"Mən nə demişəmsə, düz demişəm, sonuna qədər də getməyə qərarlıyam. Siyavuş Kəriminin etdiyi əməlləri qəbul etməməsi, mənim dediklərimi təkzib etməsi normaldır. Kim boynuna alacaq ki, mən rüşvət almışam, yerləri pul ilə satmışam? Milli Konservatoriyanın daxilində keçirilən muğam müsabiqəsində mən qalib olandan sonra qazandığım məbləği Siyavuş Kərimi əlimdən aldı və guya konservatoriyanın fonduna ödədi. Çünki o, münsiflər heyətinin rəhbəri idi. İkinci kursda olanda mənə məcburi şəkildə ərizə yazdırmışdılar və pulu əlimdən almışdılar. Ərizəm hələ də orada qalıb. Amma mən o zaman da bu məsələyə etirazımı bildirmişdim. Hətta buna görə də Siyavuş Kərimi məni Beynəlxalq Muğam Müsabiqəsinə buraxmadı, çünki yerləri pulla satırdı. İllərlə bu belə davam edib və həmişə də bu adam yerləri satıb".
Almaxanım onu da bildirib ki, Milli Konservatoriyada bu problemlə üzləşən tək tələbə o olmayıb:
"Siyavuş müəllimin mənimlə yola getməməsinə səbəb bütün bu olanlara etiraz etməyim, yerimin satılmağına qarşı çıxmağım olub. Əgər mən bir yeri pul ilə qazanacağamsa, bu mənim nəyimə gərəkdir? Bu problemlə üzləşən tək tələbə mən deyildim. Amma onlar qorxurlar deyə danışmırlar".
Xatırladaq ki, Baku TV-nin "Aktual Gündəm" verilişində qonaq olan müğənni Almaxanım Əhmədli Siyavuş Kərimi haqda "Opera da, Milli Konservatoriya da mədəniyyət sahəsidir. Siyavuş Kərimi özü də bir Xalq artisti olmasına baxmayaraq, o gün müsahibəsində bildirib ki, fəxri adlar pulla verilib. Axı sən özün də yerləri pulla satırdın. Respublika muğam müsabiqəsində və beynəlxalq müsabiqədəki qaliblərin yerlərini. Bu, iddia deyil, mənim orada ərizəm var. Məni məcbur etdilər ki, qazandığım 5 mini könüllü fonduna keçirim", - deyə iddialar səsləndirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]