Məşhur aparıcıdan sarsıdıcı xəbər: Bu, son deyil – yeni başlanğıcdır
Bu gün, 12:38

Türkiyənin tanınmış televiziya aparıcısı Serap Paköz süd vəzi xərçəngi diaqnozu qoyulduğunu açıqlayıb.
Referans Media xəbər verir ki, 60 yaşlı aparıcı bildirib ki, ona bu diaqnoz 11 mart tarixində qoyulub və martın 30-dan etibarən kimyaterapiya müalicəsinə başlayıb. Paköz yaşadığı prosesi sosial media hesabında səmimi paylaşım ilə izləyiciləri ilə bölüşüb.
O qeyd edib ki, xəstəlik həyatına qəfil daxil olub: “10 mart gecəsi sağlam bir qadın kimi yatdım, 11 martda isə mənə süd vəzi xərçəngi diaqnozu qoyuldu. Bu, mənim üçün son deyil, yeni bir yolun başlanğıcıdır.”
Kimyaterapiya səbəbilə saçları tökülməyə başlayan aparıcı saçlarını qırxdırdığı anları da paylaşaraq bunu itki deyil, qəbul və azadlıq kimi qiymətləndirdiyini bildirib.
“Bu, sadəcə saç kəsimi deyil – bu, bir qəbul və azadlaşmadır. Mən parik arxasında gizlənmək istəmirəm. Bu prosesi olduğu kimi yaşamaq istəyirəm,” – deyə o vurğulayıb.
Uzun illər televiziya sahəsində fəaliyyət göstərən Paköz, karyerasına TRT-də başlayıb, daha sonra müxtəlif özəl kanallarda proqram aparıcısı kimi geniş auditoriya qazanıb.


