Göyçay əsilli Amerika aktyoru
8-06-2026, 17:54

Azərbaycanlı aktyor və model Eldar İsgəndərov mühüm beynəlxalq uğura imza atıb: onun rol aldığı, "Topic Studios" üçün çəkilən və Cordan Förstmanın rejissor debütü olan“Club Kid” filmi Kann Film Festivalının ən çox müzakirə olunan layihələrindən birinə çevrilib və dünya kino sənayesinin aparıcı oyunçularının diqqətini cəlb edib. E.İsgəndərov filmdə Niki (Nicky) obrazını canlandırır. Xarici media onun performansını xüsusi vurğulayıb. “The Hollywood Reporter” aktyorun ifasını yüksək qiymətləndirərək yazıb ki, E.İsgəndərov filmin ən yaddaqalan və ən gülməli səhnələrinə xüsusi rəng qatır. Nəşr onu “maraqlı və qeyri - adi obraz yaradan aktyor” kimi təqdim edib. “JoBlo” saytı isə E.İsgəndərovun canlandırdığı obrazı “Azərbaycandan olan filosof” kimi xarakterizə edib. Məqalədə qeyd olunur ki, o, filmdə həm yumor, həm də fərqli atmosfer yaradan əsas personajlardan biridir.
“Little White Lies” nəşri də E.İsgəndərovun adını filmin ən diqqət çəkən aktyorları sırasında qeyd edib və onun performansının ekran işinə əlavə kolorit qazandırdığını vurğulayıb. Filmin rejissoru və baş rol ifaçısı Cordan Ferstmandır. Ekran işində həmçinin Kara Delevin, Dieqo Kalva, eləcə də digər tanınmış aktyorlar rol alıblar.
Kann Film Festivalının “Un Certain Regard” müsabiqə proqramında nümayiş olunan “Club Kid” festivalın ən çox danışılan filmlərindən birinə çevrilib. Ekran işinin yayım hüquqları isə məşhur A24 şirkəti tərəfindən milyonlarla dollara alınıb.
Qeyd edək ki, E.İsgəndərov Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin rəhbəri, əslən Göyçaylı olan Fuad İsgəndərovun oğlu, Xalq artisti Şahmar Ələkbərovun qız nəvəsidir. E.İsgəndərov Niderland və Belçikada böyüyüb. O, Savanna İncəsənət və Dizayn Kollecinin (SCAD) məzunudur. “Reenactment” bu il aktyorun oynadığı üçüncü bədii filmdir. Bundan əvvəl o, "A24" və "Fruit Tree" studiyaları üçün aktyor Cessi Ayzenberqin hazırladığı adsız musiqili komediyada da rol alıb.
Goychay Today

