Karpat dağlarında “Broken ruhu” adlı nadir təbiət hadisəsi müşahidə edilib.
18-10-2025, 10:04

Karpat dağlarında “Broken ruhu” adlı nadir təbiət hadisəsi müşahidə edilib.
Bu nadir atmosfer hadisəsində insanın kölgəsi duman və ya buludlara düşərək nəhəng bir fiqur yaradır və onun ətrafında rəngarəng işıq haləsi – sanki “göyqurşağı tacı” əmələ gəlir.
Hadisəni səyyah İqor Romaniv Qrofa dağında çəkə bilib.
“Bu, inanılmaz idi! Ruh yenidən və yenidən görünürdü — hər dəfə fərqli şəkildə: işıq, buludlar, külək, günəş dəyişirdi. Hər şey bir saatdan çox davam etdi”, – deyə o bildirib.
Bu tip təbiət hadisələrindən dindarlar zaman-zaman cahilləri özünə inandırmaq üçün istifadə edərək faydalanmışlar. Tarixdə belə bir maraqlı hadisə də baş verib.
Kristofor Kolumb Yamaykada (Karib dənizində) yerli xalqları aldatmaq üçün bir təbiət hadisəsindən — Ay tutulmasından istifadə etmişdi.
Hadisə belə olmuşdu:
1504-cü ildə Kolumb və adamları Yamayka sahillərində ilişib qalmışdılar. Yerli əhali onlara əvvəlcə yemək və yardım göstərsə də, sonradan bu köməyi kəsdi. Kolumb isə Alman astronomu Regiomontanusun astronomik təqvimindən Ay tutulmasının vaxtını bilirdi.
O, yerli xalqa dedi ki, “əgər siz bizə kömək etməsəniz, Tanrı sizə cəza verəcək və Ayı göydən yox edəcək”.
Tutulma baş verəndə Ay qırmızı rəng aldı, yerli xalq qorxudan titrəyib Kolumbdan bağışlanma dilədi və ona yenidən yemək gətirməyə başladılar.
Yəni Kolumb “Ay tutulması” hadisəsindən istifadə edərək özünü ilahi qüvvəyə malik şəxs kimi göstərmişdi.
Джавид Дамирли
TEREF


