Bakının mərkəzindəki məktəbin ingilis dili müəllimi sertifikasiya imtahanından minimum balı toplaya bilmədi

18-10-2025, 15:34           
Bakının mərkəzindəki məktəbin ingilis dili müəllimi sertifikasiya imtahanından minimum balı toplaya bilmədi
Bakının mərkəzindəki məktəbin ingilis dili müəllimi sertifikasiya imtahanından minimum balı toplaya bilmədi
Bakının mərkəzində yerləşən orta təhsil müəssisələrindən biri olan Yasamal rayonu ərazisindəki 176 saylı orta məktəbin ingilis dili müəllimi sertifikasiya imtahanından keçə bilməyib. O, illərlə müəllim kimi fəaliyyət göstərsə də, iki dəfə sertifikasiya imtahanında minimum balı toplaya bilməyib.
Bizimyol.info xəbər verir ki, birinci dəfə imtahanda minimum keçid balı olan 30 baldan 23 bal toplayıb. İkinci dəfə isə 26 bal toplaya bilib. Nəticədə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi (işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi - peşəkarlıq səviyyəsi kifayət dərəcədə olmadıqda) əsasında xitam verilib.

İşdən çıxarılan müəllim məhkəməyə müraciət edib. O, həm 176 saylı tam orta məktəb, həm də Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı iddia qaldırıb. İddia tələbi isə barəsindəki əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi olub. O, iddia ərizəsində göstərib ki, I qrup əlil olan atası onun himayəsindədir. Həmçinin anası, qardaşı və həyat yoldaşı da II qrup əlildir. O, qeyd edib ki, qanunvericilik himayəsində I qrup əlil olan şəxslərin işdən çıxarılmasını qadağan edir. Bu baxımdan onun da işdən çıxarılması Əmək Məcəlləsinin 79-cu maddəsinin tələblərinə ziddir.

Təhsil İdarəsinin nümayəndəsi məhkəmədə onun iddiasının əsassız olduğunu deyib, təmin olunmamasını istəyib.

Yasamal Rayon Məhkəməsi müəllimin haqsız olduğu qənaətinə gəlib. Hakim qərarında yazıb ki, işçinin müəllim kimi uzun illər işləməsi ixtisası üzrə müvafiq ixtisas biliklərinə malik olmamasına haqq qazandırmır: “İşçi həm əmək funksiyalarını layiqincə həyata keçirməli, həm də ixtisası üzrə biliklərə malik olmalıdır. Savad, bilik, peşəkarlıq baxımdan uyğun olmayan işçilərin əmək müqavilələrinə xitam verilməlidir. Əks halda, Təhsil Nazirliyi tərəfindən əsaslı olaraq keçirilən sertifikasiya imtahanlarının hər hansı hüquqi nəticəsi olmayacaq. Sertifikasiyanın məqsədi əmək kollektivinin peşəkarlığının və hazırlığının artırılması, qənaətbəxs biliyə malik olmayan şəxslərin işdən kənarlaşdırılması, ixtisaslı, savadlı yeni kadrların işə cəlb edilməsidir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru