Azərbaycanlıların peyğəmbəri, dili və Quran haqqında: müzakirə üçün mülahizələr
24-10-2025, 12:24

Quran
İbrahim, 14-4, “Biz hər bir peyğəmbəri yalnız öz millətinin dilində (danışan) göndərdik ki, (Allahın əmrlərini) ona izah edə bilsin. Allah istədiyi kimsəni zəlalətə salar (haqq yoldan sapdırar), istədiyini də doğru yola yönəldər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!”
Yunis, 47, “Hər ümmətin bir peyğəmbəri vardır. Onlara peyğəmbər gəldiyi zaman aralarında ədalətlə hökm olunar və onlara zülm edilməz”.
Fatir, 24, “Elə bir ümmət yoxdur ki, onun içindən (kafirləri Allahın əzabı ilə) qorxudan (xəbərdar edən) bir peyğəmbər gəlib-getməsin”.
Azərbaycan Respublikasının Konstitusiyası
18.1. Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir.
21.I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.
Təhlil üçün bir neçə faktlar:
1. İslamı bu xalqa pərçimləyəndən sonra Azərbaycan dilində bir dənə də olsun araşdırma aparılmayıb, bu dil şifahi dil olaraq qorunub saxlanılıb.
2. Azərbaycan dilində ilk təhsil hüququ Çar Rusiyası tərəfindən “məcburən verilmiş”, müsəlmanlarla gərgin ölüm dirim mübarizəsindən sonra rus millətinin xristian nümayəndəsi tərəfindən təşkil olunmuşdur.
3. İlk Azərbaycan dili dərsliyi də (ümumiyyətlə, ilk yazılı araşdırma da) rus millətinin xristian nümayəndəsi, böyük insan, böyük pedaqoq, təhsil xadimi Çernyayevski A.O. tərəfindən yazılmışdır (1883-cü il).
4. Ən qızğın araşdırma isə ADR işğal olunduqdan sonra yenə Sovet dövründə həyata keçirilmiş, mükəmməl elmi-yazılı Azərbaycan dili yaradılmışdır.
5. Müstəqil Azərbaycan illərində rəqəmsal (virtual) dünyanın yaranması ilə əlaqədar əksəriyyət xalqların rəqəmsal dilləri yaradıldı. Azərbaycan rəqəmsal dili ilə məşğul olan heç kim yoxdu. Yalnız yenə də bu işlə xrisitian ABŞ şirkəti Google məşğuldu, artıq xeyli hissəsi tamamlanmışdır (19-cu əsrin sonları klassik Azərbaycan dili dərsliyini yazmağa bir Azərbaycanlı çıxmadı, rus yazdı, 21-ci əsrin başlanığıcı – rəqəmsal Azərbaycan dilini yazan bir Azərbaycanlı tapılmadı, xristian ABŞ şirkəti yaratmağa başladı).
6. Azərbaycan əhalisinin 80%-nin yaşadığı (islam əsarətində) dilimizdə yazılı heç bir məlumat yoxdu, həm də olması qadağandı, hələ də dilimizin yaşama tərzi gizlin və şifahi olaraq davam edir.
Nəticə üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə, Azərbaycan ziyalılarına, xüsusilə dilçi və ilahiyyatçı alimlərə bir neçə sual:
1. Kimdi Azərbaycan millətinin peyğəmbəri? (Quranı əsas götürsək Azərbaycanlıların ən böyük peyğəmbəri Babəkdir.)
2. İslam dininin və Ərəb dilinin Azərbaycanda statusu nədir, nəyə görə əksəriyyət dini qurumlarda, məscidlərdə, yas və dini mərasimlərdə Azərbaycan dilinin istifadəsi üzrə Konstitusiya maddələri pozulur?
3. Nə üçün bütöv milləti mənəvi bütövləşdirmək imkanına malik rəqəmsal Azərbaycan dilinin yaradılmasına bütöv xalq olaraq bu qədər laqeydik? Səbəb bu dilin faktiki olaraq elmini yaradıb bizə bəxş edən ruslardımi, yoxsa, dilimizə rəsmi qadağa qoyan müsəlmanlardımı?
Sadəcə sual xatirinə qoyulan suallar deyil, ölkənin gələcək taleyi, bütöv inkişaf fəlsəfəsi, inkişaf strategiyası bu sualların cavabından çox asılıdı. Ona görə xahiş edirəm, Cənublu, Şimallı bu müzakirələrdə fəal iştirak edək.
Dərin hörmətlə, prof.dr. Saleh Məmmədov
TEREF

