Dünyanın ən çox şokolad istehsal edən ölkələri
24-10-2025, 16:24

Dünyanın şokolad istehsalında aparıcı dörd ölkəsi Almaniya, Belçika, İtaliya və Polşa hesab olunur. Bu dörd ölkə ümumilikdə dünyadakı şokolad ixracatının 43%-ni təşkil edir. Maraqlıdır ki, əsas şokolad istehsalçıları kakao istehsalında lider deyillər, eyni zamanda, əsas kakao istehsal edən ölkələr də şokolad istehsalı üzrə ön sıralarda yer almır.
Valyuta.az xəbər verir ki, Avropanın şokolad istehsalında ön plana çıxmasının əsas səbəbi bölgədə bu məhsulun uzun illərdir böyük populyarlığa malik olmasıdır. ABŞ-də da şokolad sevgisi məhz Avropadan gələn immiqrantlar vasitəsilə yayılıb. Məhz bu tələbat nəticəsində "Mars Inc." və "Hershey Foods Corporation" kimi şirkətlər yaranıb.
Almaniya - 6,26 milyard dollarlıq ixrac
2023-cü ildə Almaniya dünyanın ən böyük şokolad ixracatçısı olub. Ölkə bu dövrdə 6,26 milyard ABŞ dolları dəyərində şokolad ixrac edib və bu, qlobal bazarın 17%-i deməkdir.
Almaniyanın “şokolad paytaxtı” sayılan Köln şəhəri həm də məşhur Şokolad Muzeyinə ev sahibliyi edir.
Ölkənin ən tanınmış brendləri arasında Stollwerck, Ritter Sport, Sarotti və Milka yer alır.
Qeyd edək ki, Almaniya adambaşına şokolad istehlakı üzrə dünyada 3-cü yerdədir - yalnız İsveçrə və Avstriyadan geri qalır.
Belçika – əl istehsalı ənənəsi ilə fərqlənir
Şokoladın vətəni sayılan Belçika 2023-cü ildə 4,09 milyard ABŞ dolları dəyərində məhsul ixrac edib, bu da dünyanın ümumi ixracının 11,1%-i deməkdir.
Brüsseldə yerləşən məşhur Godiva şirkəti Belçika şokoladının simvollarından biridir.
1884-cü ildən etibarən ölkədə qanunla müəyyən olunub ki, “Belçika şokoladı” adını daşıyan məhsullarda ən azı 35% saf kakao olmalıdır.
Belçikalı istehsalçılar hələ də ənənəvi üsullarla, yəni əl ilə istehsal prinsiplərinə sadiq qalırlar və süni, bitki və ya palma yağı istifadə etmirlər.
İtaliya - şokoladla tarix yazan ölkə
2023-cü ildə İtaliya təxminən 2,74 milyard ABŞ dolları dəyərində şokolad ixrac edib və qlobal bazarın 7,4%-ni təşkil edib.
Ölkənin ən tanınmış brendləri arasında Majani, Caffarel və Perugina var.
İtaliyada şokolad istehsalı ənənəsi 18-ci əsrə dayanır - Majani şirkəti 1796-cı ildə Bolonyada Teresa Majani tərəfindən yaradılıb.
Polşa - sürətlə yüksələn istehsalçı
Bir qədər təəccüblü olsa da, Polşa da son illərdə şokolad istehsalında ön sıralara yüksəlib. 2023-cü ildə ölkə 2,7 milyard ABŞ dolları dəyərində şokolad ixrac edib və 7,32%-lik payla dördüncü yeri tutub.
Ən tanınmış Polşa markaları arasında Wedel, Dr Gerard və Union Chocolate var.
2018-ci ildə Polşada baş verən hadisə isə hələ də yaddaşlardadır — 12 ton maye şokolad daşıyan yük maşını aşıb və magistral yola şokolad tökülüb.
Kakao istehsalı - Afrikanın payı
Şokoladın əsas xammalı olan kakao paxlasının 70%-i Afrikada istehsal olunur. Bunun 46%-i yalnız iki ölkənin - Kot-d’İvuar və Qananın payına düşür.
Qərbi Afrikada təxminən 2 milyon fermer kakao istehsalından dolanır. Lakin bu sahədə meşələrin məhv edilməsi, aşağı əmək haqqı və uşaq əməyindən istifadə kimi problemlər hələ də qalmaqdadır.
Bu problemlərlə mübarizə aparmaq məqsədilə Dünya Kakao Fondu (World Cocoa Foundation) 2000-ci ildə yaradılıb. Təşkilatın üzvləri arasında Nestlé, Mars Wrigley və Hershey kimi nəhəng şirkətlər də yer alır. Fondun məqsədi fermerlərin gəlirlərini artırmaq, uşaq əməyini aradan qaldırmaq, ekoloji davamlı istehsalı təşviq etməkdir.
Qeyd edək ki, İsveçrə şokolad istehsalında ilk dörd yerdə olmasa da, adambaşına düşən istehlak miqdarına görə dünyada birincidir.

