Pendirin üzərindəki hər növ kif təhlükəli deyil - Alimlərdən araşdırma
30-10-2025, 16:14

Pendirin üzərində yaranan bütün kif növləri sağlamlıq üçün zərərli deyil. Məsələn, çeddar, parmezan və İsveçrə pendiri kimi sərt növlər kif tutduqda, kifin ətrafından azı iki yarım santimetr məsafədə kəsərək yemək mümkündür.
32gun.az xəbər verir ki, bunu Kolorado Dövlət Universitetinin biotibbi mühəndislik və ictimai sağlamlıq üzrə professoru Bred Raysfeld The Conversation nəşrinə bildirib.
Mütəxəssisin sözlərinə görə, sərt pendirlərdən fərqli olaraq, rikoitta, krem pendir və ya kəsmik kimi yumşaq növlər kiflənən kimi dərhal atılmalıdır, çünki kif nəm mühitdə çox sürətlə yayılır.
Alim əlavə edib ki, “zərərsiz” hesab olunan bəzi kiflər rokfor, stilton, bri və kamamber kimi pendirlərin istehsalında istifadə olunur. Bu pendirlərin özünəməxsus dad və qoxusunu Penicillium roqueforti və Penicillium camemberti göbələkləri formalaşdırır.
Raysfeldin sözlərinə görə, yaşıl, qara və ya qırmızımtıl rəngli kiflər xüsusilə təhlükəlidir. Belə kiflər adətən Aspergillus və ya Penicillium commune növləri tərəfindən yaranır və qaraciyərə zərərli toksinlər ifraz edə bilir.
“Üstəlik, Penicillium commune siklopiazon turşusu adlı mikotoksin istehsal edir. Bu maddə hüceyrə membranlarında kalsium axınını pozaraq əzələlərin və sinir sisteminin fəaliyyətinə mənfi təsir göstərə bilər. Yaxşı ki, belə hallar nadir rast gəlinir və zədələnmiş süd məhsulları adətən kəskin, turş qoxu ilə özünü büruzə verir”, – deyə alim vurğulayıb.

