Qədim Misir kahinləri, Nuh peyğəmbər və Atlantidanı nə birləşdirir?
5-11-2025, 16:44

Yeni bir tədqiqat suya qərq olmuş Atlantida adasının tarixinə marağı yenidən canlandırıb.
"Daily Mail" xəbər verir ki, bəzi mütəxəssislər qədim sivilizasiyanın həqiqətən mövcud olduğunu iddia edirlər.
Arxeoloq Maykl Donnellan iddia edir ki, Atlantidanın mövcudluğuna dair dəlillər Saisdəki qədim Misir kahinləri tərəfindən qorunub saxlanılıb. Onların qeydləri bir vaxtlar Atlantidada çiçəklənən, lakin təxminən 11.600 il əvvəl yoxa çıxan yüksək inkişaf etmiş bir sivilizasiyanın varlığına işarə edir.
Tədqiqatçının sözlərinə görə, kahinlər Atlantidanı əcdadlarının vətəni kimi təsvir ediblər. Güman edilir ki, bu sivilizasiya Aralıq dənizinin o tayında mövcud olub.
Kahinlərin bu hekayəsi eramızdan əvvəl 600-cü ildə Misirə gələn və onu qələmə alan yunan qanunvericisi Solona ötürülüb.
Misir kahinləri Solona Yunanıstan və Misirdən çox əvvəl mövcud olan güclü bir imperiya haqqında danışıblar. Onların sözlərinə görə, həmin sivilizasiya bir gün və bir gecə içində məhv edilib. Naməlum bir fəlakət Atlantida və qədim Afinanı məhv edərək Aralıq dənizinin simasını dəyişdirib. Mütəxəssislər həmçinin inanırlar ki, məhz bu təbii fəlakət dünyanın müxtəlif mədəniyyətlərində öz əksini tapan böyük daşqın haqqında miflərin yaranmasına səbəb olub.
Qeyd edək ki, böyük daşqın hekayəsi Qurani-Kərimdəki Nuh peyğəmbər qissəsində də öz əksini tapıb.

