Qərbi Azərbaycan Xronikası: "Qorq Aslanın Şuşanikin qəbrini açdırması ilə Qafqazda yeni dövlətçilik mərhələsi başladı" VİDEO
6-11-2025, 16:24

"Qərbi Azərbaycan Xronikası" layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında yeni veriliş hazırlanıb.
Verilişdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Qədim dillər və mədəniyyətlər şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İlhami Cəfərsoy ermənilərin saxtalaşdırdığı "Şuşanik dastanı" haqqında danışıb.
Professor bildirib ki, Sinay yarımadasında tapılan qədim yazılarda Azərbaycan sözlərinə rast gəlinib:
"Müqəddəs Şuşanikin həyatı faciələrlə doludur. Sinay dağında aşkarlanan alban perqamenti bütün Qafqaz tarixini dəyişdi. Həmin perqamentdə yüzlərlə Azərbaycan sözü müəyyənləşdirilib".
İ.Cəfərsoyun sözlərinə görə, "Koroğlu" dastanındakı Eyvaz obrazının kökləri Sinay-alban yazılarında gizlənib:
"Şuşanikin yeddiillik zindan həyatı alban xalqının müqavimət ruhunu bütün Qafqaza yaydı. Ermənilərin saxtalaşdırdığı "Şuşanik dastanı" əslində Azərbaycan qəhrəmanlıq tarixinin bir parçasıdır. Qorq Aslanın Şuşanikin qəbrini açdırması ilə Qafqazda yeni dövlətçilik mərhələsi başlandı".
Professor əlavə edib ki, Qorq Aslanın Şuşanikin sümüklərini çıxararaq yenidən dəfn etdirməsi, unudulan müqəddəs qız Şuşanikin qəhrəmanlığı və Sinay dağının ətəyində yerləşən alban monastırındakı Azərbaycan izləri tariximizin mühüm səhifəsidir.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

