Nə üçün müasir insanlar ailə qurmaqda çətinlik çəkirlər? - Psixoloqdan AÇIQLAMA
8-11-2025, 11:28

Cəmiyyətdə tənha insanların sayı artmaqda davam edir. Müasir məkanda "öz adamını" tapmaq çətin, ilk dava-dalaşdan sonra kimisə öz həyatından "silmək" isə çox asandır.
Bu barədə rusiyalı psixoloq Yelena Loseva danışıb. O, bu cür təşvişyaradıcı tendensiyanı təkcə virtual dünyanın təsiri ilə deyil, həm də cəmiyyətin təməlini sarsıdan canlı ünsiyyətin əsaslı şəkildə itirilməsi ilə əlaqələndirib.
"Problemin kökü bundadır ki, əvvəllər yaranan spontan canlı ünsiyyətin formalaşdırdığı uzunmüddətli münasibətlər mədəniyyəti yox olmaq üzrədir. Gənclərdə uzunmüddətli əlaqələrin qurulması təcrübəsi demək olar yoxdur. Onlar başa düşə bilmirlər ki, münasibətlərdə dava-dalaş da, barışıq da qaçılmazdır. Hazırda münasibətlərdə yaranan çatın səbəbini aydınlaşdırıb barışmaq yerinə, onlar bu münasibətləri tamamilə silməyə çalışırlar. Çünki münasibətləri yoluna qoymaq həqiqətən çətindir", - deyə o izah edib.
Psixoloq onilliklərlə davam edən ailə münasibətlərini nümunə gətirərək bildirib ki, burada tərəfdaşlar müxtəlif dövrlərdə bir yerdə yaşamağı öyrənirlər. Onun sözlərinə görə, müasir mədəniyyət problemlərin həlli yerinə onlardan qaçmaq taktikasını təşviq edir.
"Müəyyən bir mərhələdə insan münasibətlər qurmağın onun üçün çox çətin olduğunu başa düşür və buna görə də tənhalığı seçir. Bu, cəmiyyəti dağıdır, nəticədə müxtəlif münaqişələr yaranır", - deyə Loseva bildirib.
O, əlavə edib ki, bütün fərdi halların - boşanmaların, münaqişələrin, barışmaq istəyinin olmamasının arxasında insanların ünsiyyət qurmaqda çətinlik çəkmələri problemi dayanır.

