İranı müharibədə məğlub olmağa qoymayan general Səfəvi KİMDİR? - Vüqar Zifəroğlu ŞƏRH EDİR

Bu gün, 00:06           
İranı müharibədə məğlub olmağa qoymayan general Səfəvi KİMDİR? - Vüqar Zifəroğlu ŞƏRH EDİR
İranın hərbi elitasının nümayəndəsi, general-mayor Yəyha Rəhim Səfəvinin mövqeyi və nüfuzu rejim daxilində daha da möhkəmlənib, ölkənin hərbi-siyasi dairələrində təsir imkanları artmaqdadır.

“Cebheinfo.az” xəbər verir ki, bu, Rəhim Səfəvinin ABŞ və İsrail ilə 40 günlük müharibədə atdığı addımların nəticəsidir.

Hesab olunur ki, İranlı general Tehranın ABŞ və İsrailin hücumlarına qarşı müqaviməti davam etdirməkdə, rejimin ayaqda qalmasında və sistemin xaosa sürüklənməməsində əhəmiyyətli rol oynayıb.

İranşünas Əziz Əhmədi hesab edir ki, Yayha Rəhim Səfəvi hərbiçi olmaqla yanaşı, özünü diplomat kimi də sınayıb:

“Hərbiçi kimi təcrübəyə malik Səfəvi eyni zamanda İran hərbi rəhbərliyinin siması və əsas sözçüsü kimi çıxış etdi. Həm cəmiyyəti coşdurmağa çalışdı, həm də Trampa qarşı informasiya savaşında XİN-lə bərabər vacib funksiyaları daşıdı.

O, hələ 12 günlük müharibədə mərhum Xameneyi tərəfindən İran Hərbi Koordinasiya Şurasının sədri təyin edilməklə İran ordusunun şokdan çıxmasında böyük rol oynadı. İsrail ona qarşı nə qədər sui-qəsdə nail olmağa çalışsa da, buna müvəffəq olmadı”.

Ə.Əhmədi əlavə edib ki, Səfəvi Pezeşkianla yaxın münasibətlərə malikdir:

“Müharibə ərzində SEPAH və hökümət arasında uçurumun qarşısını almaqla İran daxili sistemində böyük rol oynadı. Hətta buna görə ali dini rəhbər ona bir neçə dəfə şəxsi təşəkkür də etdi. O, faktiki orduya komandanlıq edirdi. Onun rolu hərbi elitada daha da artıb".

Qeyd edək ki, Yəhya Rəhim Səfəvi İranın ən nüfuzlu hərbi simalarından biri hesab olunur. O, 1997–2007-ci illərdə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı olub. General-mayor rütbəsinə malik olan Səfəvi İranın regional təhlükəsizlik və hərbi strategiyasını formalaşdıran önəmli fiqurlardan biridir.

Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu “Cebheinfo.az” – a şərhində qeyd edib ki, Yəyha Rəhim Səfəvi İranın geosiyasi konsepsiyasının ideoloji əsaslarının hazırlanmasında mühüm rol oynayıb:

“İranın hərbi-siyasi sistemində mühüm fiqurlardan biri hesab olunan general-mayor Yəhya Rəhim Səfəvinin rolu son hadisələr fonunda yenidən diqqət mərkəzinə gəlib. Uzun illər İnqilab Keşikçiləri Korpusunun (SEPAH) rəhbəri olmuş Səfəvi hazırda İranın Ali Rəhbərinin baş hərbi müşaviri kimi fəaliyyət göstərir və ölkənin təhlükəsizlik strategiyasının formalaşdırılmasında mühüm təsir imkanlarına malikdir.

Səfəvinin əsas gücü onun strateji düşüncə mərkəzlərindəki nüfuzu və uzun illər ərzində formalaşdırdığı hərbi-siyasi təcrübədən qaynaqlanır. O, İranın regional siyasətində, xüsusilə də "müqavimət oxu" adlandırılan geosiyasi konsepsiyanın ideoloji əsaslarının hazırlanmasında mühüm rol oynayıb”.

V.Zifəroğlu vurğulayıb ki, İranın İsrail və ABŞ qarşısında geri çəkilməməsi, uzunmüddətli strateji müqavimət modelinə üstünlük verməsi kimi yanaşmaların tərəfdarlarından biri də məhz Səfəvidir:

“Son 40 günlük qarşıdurma dövründə onun təsiri hiss olunsa da, İranın müqavimətinin davam etdirilməsi və rejimin sabitliyinin qorunması yalnız bir şəxsin fəaliyyəti ilə izah oluna bilməz.

Bu prosesdə SEPAH-ın müxtəlif komandanları, təhlükəsizlik aparatının rəhbərləri, siyasi elita və Ali Rəhbərin ətrafındakı qərarverici dairələr birlikdə iştirak ediblər. İranın siyasi sistemi məhz bu kollektiv güc mərkəzləri sayəsində fəaliyyət göstərir.

Bu baxımdan, Yəhya Rəhim Səfəvi İranın ən nüfuzlu hərbi strateqlərindən biri sayılsa da, onu ölkənin müqavimətinin yeganə memarı və ya rejimin ayaqda qalmasının əsas səbəbi kimi qiymətləndirmək doğru olmazdı.

Daha düzgün yanaşma Səfəvini İranın strateji düşüncəsini formalaşdıran əsas simalardan biri, lakin kollektiv hərbi-siyasi elitanın tərkib hissəsi kimi dəyərləndirməkdir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru