Avropa İttifaqının Rusiya neftinə görə sanksiya siyahısina saldığı Tahir Qarayev kimdir?

Bu gün, 12:34           
Avropa İttifaqının Rusiya neftinə görə sanksiya siyahısina saldığı Tahir Qarayev kimdir?
Avropa İttifaqı Şurası 15 iyun tarixində Rusiyanın Ukraynaya qarşı apardığı təcavüzkar müharibə ilə mübarizə məqsədilə yeni məhdudlaşdırıcı tədbirlər paketini qəbul edib.
Əlavə sanksiyalar paketi ümumilikdə 34 fiziki şəxs və 47 hüquqi şəxsə (şirkət və təşkilata) şamil olunur.
"Bu tədbirlər Rusiyanın hərbi-sənaye kompleksinin, kölgə donanmasının və Moskvanın Avropaya qarşı hibrid hücumlarını dəstəkləyən şəbəkələrin əsasını hədəf alır. Eyni zamanda, daha geniş 21-ci sanksiyalar paketi üzərində iş davam edir. Hər bir tədbir Rusiyanın manevr imkanlarını daha da məhdudlaşdırır", — deyə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaja Kallas bildirib.
Rusiyanın hərbi-sənaye kompleksi
Aİ Rusiyanın hərbi və sənaye kompleksini, eləcə də üçüncü ölkələrdəki dəstəkçilərini hədəf alan 7 fiziki şəxsə və 21 hüquqi şəxsə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edib.
Sanksiyalar Ukraynaya qarşı müharibədə istifadə olunmaq üçün Rusiya Silahlı Qüvvələrinə pilotsuz uçuş aparatları (PUA) və digər hərbi avadanlıqlar istehsal edən və ya təchiz edən bir sıra şirkətləri əhatə edir. Bunlara JSC “Lavochkin Research and Production Association”, LLC Rustakt, LLC ASFPV və LLC IONOS daxildir. “Lavochkin Research and Production Association” Rusiyanın dövlət kosmik korporasiyası olan Roscosmos tərəfindən təsis edilib.
Siyahıya həmçinin Çində yerləşən Shenzhen Minghuaxin və Xinxiang Richful Lubricant Additive Company də daxil edilib. Sonuncu sürtkü yağı əlavələrinin ən iri istehsalçı və distribyutorlarından biridir.
Aİ həmçinin Rusiya Federasiyası hökuməti tərəfindən hərbi məqsədlər üçün qabaqcıl pilotsuz sistemlərin hazırlanması məqsədilə yaradılmış ERA Military Innovation Technopolis və Foundation for Advanced Studies təşkilatlarını da sanksiya siyahısına əlavə edib.
Rusiyanın “kölgə donanması” ekosistemi
Paketə Rusiyadan xam neft və neft məhsullarının daşınması və ixracı ilə əlaqəli iki fiziki şəxs — Tahir Garayev və Konstantin Roqaç — eləcə də 24 hüquqi şəxs də daxil edilib.
Bu fəaliyyətlər əsasən Aİ sanksiyalarından yayınmaq üçün istifadə olunan və dəniz təhlükəsizliyi ilə ətraf mühit üçün risk yaradan Rusiyanın “kölgə donanması” vasitəsilə həyata keçirilir.
Sanksiyalar Lukoil-Western Siberia da daxil olmaqla Rusiya, Liberiya, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan və Honq-Konqda fəaliyyət göstərən çoxsaylı şirkətləri əhatə edir.
Tahir Qarayev haqqında daha ətraflı məlumatlar toplusunu yerləşdirməyi vacib hesab edirik.
2Rivers şirkəti 2010-cu ildə Azərbaycan vətəndaşı Tahir Qədir oğlu Qarayev (Tahir Garayev) tərəfindən təsis edilmişdir. Jurnalist araşdırmalarına görə, 2Rivers şirkətinin Igor Seçin və Rosneft ilə yaxın əlaqələri var.
2022-ci ildən etibarən 2 Rivers Qərbin Rusiya xam nefti və neft məhsullarına tətbiq etdiyi sanksiyalardan yan keçən ən böyük treyderlərdən birinə çevrilmişdir. Şirkət əsasən Rosneftdən alınan neftin ticarəti ilə məşğul olub.
Məlumatlara görə, 2Rivers formal olaraq bir-birindən müstəqil görünən, lakin əslində şirkətin rəhbərliyi tərəfindən idarə olunan çoxsaylı şirkətlər şəbəkəsi vasitəsilə fəaliyyət göstərir. Bu şəbəkəyə BƏƏ-nin Dubai Multi Commodities Centre (DMCC) azad iqtisadi zonasında yaradılmış onlarla ticarət şirkəti, həmçinin gəmi idarəetməsi və əməliyyat şirkətləri daxildir.
2022-ci ildə Rusiyanın Ukraynaya müdaxiləsindən əvvəl 2Rivers (o zaman Coral Energy adı ilə) Geneva şəhərində yerləşirdi. Müharibədən sonra şirkət baş ofisini Dubai şəhərinə köçürmüş, həmçinin Singapore və Cenevrədə ofislərini saxlamışdır.
Şirkət 2022-ci ildə Moscow ofisini bağladığını bildirsə də, araşdırmalar onun başqa ad altında fəaliyyətini davam etdirdiyini iddia edir.
2024-cü ilin əvvəlində The Wall Street Journal qəzetinin araşdırmasına əsasən, Coral Energy formal olaraq əlaqəsiz görünən şirkətlər vasitəsilə ən azı 100 gəmini nəzarətdə saxlayırdı. Bunlara Gatik Ship Management, Gaurik Ship Management və Buena Vista Shipping kimi şirkətlər daxildir.
Bu gəmilərdən ən azı beşi Böyük Britaniya və Avropa İttifaqı tərəfindən sanksiyaya məruz qalmışdır. Buna baxmayaraq, həmin gəmilərin 2Rivers ilə əlaqəli ticarət şirkətləri tərəfindən alınan Rusiya nefti və neft məhsullarını daşımağa davam etdiyi bildirilir.
17 dekabr 2024-cü ildə B.Britaniya hökuməti 2Rivers-i sanksiyaya məruz qalan şirkətlər siyahısına daxil etmişdir. Bu qərara əsasən, Böyük Britaniyada olan şəxslərə, şirkətlərə və xaricdə fəaliyyət göstərən Britaniya vətəndaşlarına şirkətin vəsaitlərini hərəkət etdirmək və ya onun əmlakı və digər aktivləri ilə əməliyyat aparmaq qadağan edilmişdir.
Baş nazir Keir Starmer hökumətinin açıqlamasında bildirilmişdir ki, bu şirkətlər “Putinin qiymətli neftinin ticarətini mümkün edən əsas həlqələrdir” və sanksiyaların məqsədi “qanunsuz müharibəsini maliyyələşdirmək üçün ehtiyac duyduğu neft gəlirlərini məhdudlaşdırmaqdır".
Azadlıq Qəzeti












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru