Cümhuriyyətə gedən yol...
Bu gün, 17:24

1917-ci il iyunun 17-20 tarixlərində Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev, Şəfi bəy Rüstəmbəyov, Xasməmmədli, Şeyxzamanlı qardaşlarının yaratdıqları “Türk Ədəmi-Mərkəziyyət” partiyası ilə Məhəmməd Əmin Rəsulzadənin rəhbərlik etdiyi “Müsavat” partiyası birləşərək “Türk Ədəmi-Mərkəziyyət Firqəsi - Müsavatın əsasını qoymuşdular. Azərbaycan tarixində baş vermiş bu mühüm siyasi addım Azərbaycan Cümhuriyyətinin yaranmasına gedən yolun ilk təməl daşlarından biri sayılır.
Məsələ onda idi ki, hər iki partiya mübarizəsində Rusiyanın tərkibində federativ quruluş və milli-ərazi muxtariyyəti ideyalarını müdafiə edirdi. Və Aprel ayında keçirilən Qafqaz müsəlmanlarının qurultayından sonra bu iki qüvvənin birləşməsi qərara alındı. Artıq 17 iyun 1917-ci il tarixindən vahid ad altında - “Türk Ədəmi-Mərkəziyyət Firqəsi Müsavat” olaraq təşkilatlanmağa başladılar.
Əvvəlcə Mərkəzi Komitə yaradıldı. 8 nəfərdən ibarət Bakı və Gəncə büroları yarandı. Bakı Bürosuna M.Ə.Rəsulzadə rəhbərlik edirdi.
Bu birləşmədən sonra 1917-ci il oktyabrın 26–31-də Bakıda (İsmailiyyə binasında) partiyanın ilk qurultayı keçirildi. qurultayda 76 maddədən ibarət yeni proqram qəbul edildi.
Partiya ilk dövrlərdə Rusiyanın daxilində milli-ərazi muxtariyyəti ideyasını müdafiə etsə də 1917-ci il Oktyabr çevrilişindən sonra bu xətt tam müstəqillik hədəfinə çevrildi. Yaranan Müsavat partiyası Azərbaycan Cümhuriyyətinin həm ideoloji bünövrəsini qoymuş, həm də onun dövlət idarəçiliyini həyata keçirmişdir.
Baba Allahnəzərov
TEREF

