3 min metr yüksəklikdən düşən Juliane necə sağ qalıb?
Bu gün, 17:14

1971-ci il dekabrın 24-də 17 yaşlı Juliane Köepcke anası ilə birlikdə Limadan Pukallpaya gedərkən təyyarə şiddətli tufana düşür. İldırım təyyarənin qanadına dəyir və təyyarə havada parçalanır.
Juliane təhlükəsizlik kəməri ilə kreslosuna bağlı vəziyyətdə Amazon meşəsinə düşür. Yəni onun oturduğu üçlü kreslo sırası bütöv şəkildə təyyarənin gövdəsindən qoparaq Juliane ilə birlikdə aşağı düşür.
Təxminən 3 min metr yüksəklikdən düşən Juliane huşunu itirir. Bir saat sonra palçığın içində özünə gələndə nə baş verdiyini anlayır. Körpücük sümüyü sınmış, diz bağı zədələnmiş, bədəni isə müxtəlif yerlərdən yaralanmış vəziyyətdə üstəlik də eynəyini itirdiyinə və bir gözü zərbədən şişdiyinə görə, demək olar ki, gözləri də görmür. Buna baxmayaraq, ayağa qalxaraq əvvəlcə anasını axtarır. Onu tapa bilməyəndə meşədən çıxmağa çalışır.
Uşaqlığını bu ərazilərdə keçirdiyi üçün meşəni tanıyır. Atasının bir vaxtlar dediyi sözləri xatırlayır: “İtsən, axar suyu izlə. Kiçik axar səni çaya, çay isə insanların yaşadığı yerə aparacaq”
Tapdığı bir paket konfet günlərlə onun yeganə qidası olur. Konfetlər qurtarandan sonra yalnız su içərək çayın kənarı ilə yoluna davam edir. Yaraları getdikcə ağırlaşsa da, çayın axarı ilə irəliləməyi dayandırmır.
On birinci gün çayın sahilində bir qayıq və yerli ağac kəsənlərə məxsus kiçik daxma görür. Bir müddət sonra daxmaya qayıdan adamlar onu taparaq xilas edirlər.
Təyyarədə olan 92 nəfərdən yalnız Juliane sağ qalır.
Onun belə böyük yüksəklikdən necə sağ qalması bu gün də tam izah olunmur. Ehtimal edilir ki, üçlü kreslo sırasının havada fırlanması düşmə sürətini azaldıb, sıx ağac budaqları isə zərbəni yumşaldıb.
Juliane sonralar bioloq olur və həyatını Amazon meşələrinin öyrənilməsinə və qorunmasına həsr edir.
Нура Сури

