Bir fincan qəhvə ilə daha məhsuldar olmaq mümkündür?
Bu gün, 17:44

Qəhvə uzun illərdir milyonlarla insanın iş gününün ayrılmaz hissəsinə çevrilib. Çox insan qəhvə içmədən işə başlaya bilmədiyini də etiraf edir. Bəs bir fincan qəhvə ilə daha məhsuldar olmaq mümkündür?
ABŞ-ın Dietary Guidelines Advisory Committee (Qidalanma Təlimatları üzrə Məsləhət Komitəsi) də normada qəhvə qəbulunun sağlamlıq üçün ciddi risk yaratmadığını bildirib. Komitə sağlam yetkin şəxslərə gündə 3-5 fincan, yəni 400 milliqrama qədər kofein qəbulunu tövsiyə edir.
Qəhvə diqqəti və yaddaşı gücləndirir
Mütəxəssislərin sözlərinə görə, qəhvənin tərkibindəki kofein beyində yorğunluq hissi yaradan adenozin maddəsinin təsirini müvəqqəti bloklayır. Bunun nəticəsində insan özünü daha ayıq hiss edir, diqqəti artır və uzunmüddətli konsentrasiya tələb edən işləri daha rahat yerinə yetirə bilir.
Araşdırmada qeyd edilir ki, kofein yaddaşın, problem həll etmə bacarığının və ümumi idrak funksiyalarının yaxşılaşmasına da kömək edir.
Yaradıcılığı artırır
Araşdırmaya əsasən, qəhvə yalnız diqqəti deyil, yaradıcı düşüncəni də dəstəkləyə bilər.
Mütəxəssislər bildirirlər ki, iş yerində qəhvə fasilələri əməkdaşlar arasında qeyri-rəsmi ünsiyyəti artırır və bu da yeni ideyaların yaranmasına şərait yaradır.
Bundan əlavə, MIT və digər tədqiqatların nəticələrinə görə, qəhvə bəzi insanlarda innovativ düşüncəni stimullaşdırır.
"Journal of Consumer Research" jurnalında dərc olunan araşdırma isə göstərir ki, qəhvəxanalardakı aşağı səviyyəli fon səsi insanların daha abstrakt düşünməsinə və yaradıcı problemləri həll etməsinə kömək edir.
Yeni biliklərin mənimsənilməsini sürətləndirir
Araşdırmada qeyd olunur ki, kofein öyrənmə prosesinə də müsbət təsir göstərir.
"PLOS One" jurnalında dərc olunan araşdırmaya görə, 200 milliqram kofein qəbul edən şəxslər söz və ifadələri daha sürətli tanıyırlar.
Digər araşdırmada isə eyni miqdarda kofein qəbul edən tələbələrin qısa müddətli yaddaşının daha güclü olduğu və məlumatları daha asan xatırladığı müəyyən edilib.
Mütəxəssislər hesab edirlər ki, bu xüsusiyyət yeni biliklər öyrənən, ixtisasartırma kurslarında iştirak edən və ya peşəkar sertifikat imtahanlarına hazırlaşan şəxslər üçün üstünlük yarada bilər.
Həddindən artıq qəhvə əks təsir göstərə bilər
Araşdırmada vurğulanır ki, qəhvənin faydaları yalnız normada qəbul edildikdə özünü göstərir.
Mayo Klinikasının məlumatına görə, gündə 5 fincandan çox, yaxud 500-600 milliqramdan artıq kofein qəbulu aşağıdakı problemlərə səbəb ola bilər:
əsəbilik;
mədə narahatlığı;
ürək döyüntüsünün sürətlənməsi;
əzələ titrəməsi;
narahatlıq və yuxusuzluq.

