"Ferrari"nin yeni modeli tənqid olunur, amma satış rekordları qırır

Bu gün, 17:24           
"Ferrari"nin yeni modeli tənqid olunur, amma satış rekordları qırır
"Ferrari"nin may ayının sonunda təqdim etdiyi ilk tam elektrikli avtomobili olan "Luce" modeli təqdim olunduğu gündən etibarən avtomobil dünyasında geniş müzakirələrə səbəb olub. İtaliya istehsalçısının ənənəvi dizayn xəttindən kəskin şəkildə fərqlənən model həm sərt tənqidlərə, həm də böyük rəğbətə səbəb olub.

"Edmunds" nəşrinə müsahibəsində "Ferrari"nin qlobal marketinq direktoru Emanuele Karando bildirib ki, şirkət modelin cəmiyyətdə fərqli reaksiyalar doğuracağını gözləyirdi. Lakin tənqidlərin və müzakirələrin bu qədər geniş miqyas alacağını proqnozlaşdırmamışdı.

Onun sözlərinə görə, yaranmış vəziyyət şirkət üçün mənfi deyil: "Dünyada hər kəs "Ferrari"ni sevir və marka haqqında fikir bildirmək hüququna malikdir".

"Ferrari"nin baş icraçı direktoru Benedetto Vinya da şirkətin ilk tam elektrikli modelini müdafiə edərək, təqdimatdan qısa müddət sonra avtomobilə marağın çox yüksək olduğunu bildirib. Şirkətin məlumatına görə, "Luce" modeli yeni müştərilərin də diqqətini cəlb edib və çoxsaylı alıcılar artıq ilkin ödəniş edərək sifariş növbəsinə qoşulublar.

Mediada yayılan məlumatlara əsasən, "Ferrari" Çində "Luce" modeli üçün ayrılmış bütün satış kvotasını artıq tamamilə satıb. Bununla belə, şirkət digər bazarlarda sifariş qəbulunu davam etdirir.

Model şirkətin daxilində də tənqid olunub. "Ferrari"yə 1991–2014-cü illərdə rəhbərlik etmiş Luka di Montezemolo avtomobilin təqdimatından sonra dizaynı kəskin tənqid edib. O bildirib ki, bu model markanın zəngin irsinə zərbə vurmaq riski daşıyır: "Ən azı, ümid edirəm ki, bu avtomobildən şahlanan at loqosunu götürərlər".

O, həmçinin istehzalı şəkildə əlavə edib ki, "Luce" ən azı Çin istehsalçılarının təqlid etmək istəməyəcəyi avtomobillərdən biri olacaq.

Məqalədə qeyd olunur ki, "Ferrari" qlobal bazarlarda faiz dərəcələri ilə bağlı gözləntilər səbəbindən qısamüddətli iqtisadi çətinliklərlə üzləşə bilər. Bununla belə, şirkətin iqtisadçıları yaxın dövrdə faiz artımı gözləmədiklərini bildirir və mövcud təzyiqlərin müvəqqəti xarakter daşıdığını hesab edirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru