“SƏFƏVİLƏR” DEBATI VƏ YA BİR PARÇA XƏRİTƏDƏN UCUZ ŞOU DÜZƏLDƏN ZEHNİYYƏT

12-08-2026, 07:24           
“SƏFƏVİLƏR” DEBATI VƏ YA BİR PARÇA XƏRİTƏDƏN UCUZ ŞOU DÜZƏLDƏN ZEHNİYYƏT
Qarşı tərəfin öz video-variantını paylaşmasından dərhal sonra aydın oldu ki, adamlar nə üçün debatın paylaşılmasını 4 iyuldan 8 avqusta kimi uzadırmış. Adamlar debatdan istədiklərini əldə edə bilmədikdə təfərrüatlar üzərindən şou qurub, öz dəstəkləriyi tərəfi haqlı çıxarmaq üçün vurnuxurmuş. Guya mən hansısa oyundan xəritə götürüb onu fakt olaraq təqdim etmişəmmiş. 😃 İndi gəlin hamılıqla debatın həmin yerində müzakirə olunan mövzu üzrə dialoqun açar nöqtələrinə bir daha nəzər salaq.
===
E.Nəsirov: “Şah İsmayılın adamyeyənlər dəstəsi ÇEGİL yox, ÇEGİN adlanırdı. Çegin nədir? Çegin – türk dilində çiy yeyən sözünün qısaldılmış formasıdır.”
C.Bayramlı: “Göstərə bilərsinizmi hansı lüğətdə ÇEGİN – çiy yeyənlər şəklində bir qeyd var?”
E.Nəsirov: “Həmin söz lüğətdə olmaya da bilər. Mütləq gərək hər söz lüğətdə olsun?” (???)
C.Bayramlı: “Niyə məhz bu söz olmamalıdır ki? Onda nəyə əsasən bu adı ÇİY YEYƏN şəklində yozursunuz?”
E.Nəsirov: .......................
C.Bayramlı: “Çegil – türk boylarından biri olub orta Asiya coğrafiyasında yaşayıblar. Baxın, bu bölgədə onların şahlığı da olub X əsrdə (nümunə üçün xəritə göstərirəm). Qaraxanlılar dövləti tərkibində seçilən bir boy idi. Onlar barəsində Mahmud Kaşğari də yazır (Kaşğarinin Çegil boylarını yerləşmə areallarına görə qeyd etdiyini cümlə-cümlə xatırladıram). Ayrıca, Qədim Türk Lüğəti də Türkiyədə nəşr olunub, buyurun göstərin görək harda Çegin sözünün çiy yeyənlər mənasında işləndiyi yazılıb”.
E.Nəsirov: “Dəlillərimizi ekrana gətirərik”. (DƏLİL GÖRƏN VARMI ADAMLARIN PAYLAŞIMINDA BU MÖVZUDA? GÖRƏN OLSA, BİZƏ DƏ GÖSTƏRSİN).
C.Bayramlı: “Təqdim edərsiniz, paylaşılar. Çegillər olduqca cəsur, döyüşkən bir türk boyu olub. Hətta qədimdən bəri Abşeronda xalq dilində “ceyil olmaq” ifadəsi onların adı ilə bağlıdır”.
E.Nəsirov: “O, CAHİL sözüdür e, ÇEGİL deyil.”
C.Bayramlı: “Elə isə, ağsaqqalların daim gənclərə dediyi “ağır ceyil ol” ifadəsi nə mənadadır – “ağır cahil ol” deməkdir sizcə?
E.Nəsirov: ......................
C.Bayramlı: “Azərbaycan tutmuş türklərin yaşadığı coğrafiyanın müxtəlif yerlərində Çegillərin adı ilə bağlı toponimlər var. Məsələn, Azərbaycanda Çeyildağ deyilən yer var. Deyirsiz indi o dağın adı Cahil Dağı deməkdir?”
E.Nəsirov: ........................
===
Bax həmin dialoq təxminən bu şəkildə baş verib və göründüyü kimi, opponentim irəli sürdüyü iddiada sadəcə olaraq öz şəxsi fantaziyalarına güvənib, ayrı dəlili yoxdur. Bundan danışmaq istəməyən Sələfi kanalı isə mənim nümunə üçün göstərdiyim xəritəni Bayraq edərək guya mənim savadsızlığım barədə fikir formalaşdırmağa çalışır. A kişi, nə sizin, nə də opponent olaraq qarşıma çıxan kəsin məlumatı yoxdur ki, 1. Çegil adında türk boyu olub tarixdə. 2. Bunlar Qızılbaş dövlətinin qurulmasında iştirak ediblər. 3. Çegil boyunun (eləcə də, hər hansı bir türk boyunun) ayrıca bir yerləşmə xəritəsi nə tarix elminə məlum deyil, nə də hazırlanmayıb. Minorskinin "Hüdud əl-Aləm" şərhinə görə də Çegillər İssık-göl və ətraf Tyan-Şan bölgəsində lokalizə edilir. 4. Qazaxıstanın Journal of History jurnalında dərc edilmiş Dzhursunbaev–Serikbaev–Sholpankulova məqaləsi Çegillərin Qaraxanlı dövlətinin qurucu tayfalarından olması və onların coğrafi yerləşməsi məsələsini xüsusi araşdırır. (Link: https://bulletin-history.kaznu.kz/.../article/view/1548... ) Gözünüzü ovuşdurun, yaxşı-yaxşı oxuyun!!!
Həmin xəritəni də sadəcə nümunə olaraq, internetdən götürərək, həm qarşı tərəfin, həm də izləyicilərin bu boyun yaşadığı arealla bağlı elementar təsəvvürləri olsun deyə göstərmişəm! Nə fərqi var bu xəritəni google hansı resursdan çıxarıb təqdim edib? ÇEGİL adam əti yeyənlər deməkdir yoxsa türk boyunun adıdır, ana mövzu budur! Buna cavab versin qarşı tərəf, ucuz şou göstərməyin heç bir faydası yoxdur. Ağlı başında olan, diqqətlə həmin dialoqu dinləyən kimin arqumentlərinin daha ciddi olduğunu dinləyib anlayır zatən.
Sələfi kanalının bu debatın çəkilişini bu sayaq, özlərinə sərf edən və qarşı tərəfi haqsız göstərən formada təqdim etmək həvəslərini əvvəlcədən görür və bilirdim. Bu səbəbdən ilk paylaşımı edən də mən oldum. Debatdan 1 saat sonra həmin kanal canlı paylaşım linkini öz youtube səhifəsindən silmişdi. Daha sonra, əvvəldən danışıldığı kimi hər iki tərəf iddialarını əsaslandıracaq dəlilləri 2-3 günə toplayıb vahid video-materiala yerləşdirmək üçün təqdim etməli idi, ancaq mən 2 günə dəlillərimi videonun son variantını hazırlayan Ayxan bəyə və Ziya Balıyevə təqdim etsəm də, qarşı tərəfdən səs çıxmırdı. Təxminən 19 gün ərzində 3-4 dəfə hər iki şəxs adamlarla telefon əlaqəsi saxlayıb dəlilləri istəsə də, o bunun, bu onun boynuna atmaqla məsələni uzadıblar. Nəticədə 20 gün keçdikdən sonra mən özüm qərar verdim ki, mənim öz dəlillərim videoya yerləşdirildiyinə görə müstəqil şəkildə, hansısa Sələfi kanalının keyfindən və istəyindən asılı olmayaraq mövzu-mövzu iddialara aydınlıq gətirmək üçün videonu paylaşım. Yəni fakt, mən 24 iyul tarixində paylaşıma başlayana kimi qarşı tərəfdən hər hansı bir addım atılmayıb. Mənim bu addımımsa göründüyünə görə, adamların plan və istəklərini əməllicə pozub, qanlarını qaraldıb. Bunlar özlərini nəsə böyük bir nəsnə hesab edirlər və düşünürlərmiş ki, biz həftələrlə oturub bunların öz keyfinə, interpretasiya və yozumlarına, birtərəfli təqdimatlarına görə düz-qoş edəcəyi debat versiyasını paylaşmasını, öz tarixçilərini “cahanşümul düha”, bizi isə “savadsız” kimi təqdim etməsini gözləməli imişik. Salaməleyküm. Siz öz sektanızın hansısa üzvlərini bu cür manipulyasiya edə bilərsiniz, bizə bu oyunlar, bu tavır və yanaşma keçməz. Heç kim çörəyi qulağının dibinə yemir. Və bir məsləhət: özünüzü “ağıllı”, qarşınızdakı insanları isə “axmaq” hesab etməyin. Ədalət, vicdan hissiniz orta statistik göstəricilərdən aşağı ola bilər bəlkə, ancaq ifrat məzhəb təəssübkeşliyi ilə çağdaş dünyada dünyəvi bir ölkədə çox uzağa getmək mümkün deyil/ Ayələrini gen-bol öz doqmalarınıza görə manipulyasiya etdiyiniz Qurani-Kərim özünü müsəlman sayan hər kəsə "təəssübkeşliyiniz sizi ədalətsiz addım atmağa sövq etməsin" deyə tövsiyə edir. Bilməyənlərin nəzərinə...
Ceyhun Bayramli












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]