Xalqın etimadını və rəğbətini qazanmış Prezident

19-12-2025, 20:22           
Xalqın etimadını və rəğbətini qazanmış Prezident
Artıq tarixə çevrilmiş son 22 ildə ölkəmizdə həyata keçirən uğurlu daxili və xarici siyasət Azərbaycanı yeni inkişaf mərhələsinə çıxardı. Dövlətimizin başçısı İlham Əliyev hələ 2003-cü ildə keçirilən prezident seçkilərindən sonra andiçmə mərasimi zamanı söylədiyi “Mən hər bir Azərbaycanlının Prezidenti olacağam” fikrinə sadiqliyini öz əməlləri ilə sübuta yetirib. Regionlara, eləcə də xarici ölkələrə səfərləri zamanı sadə vətəndaşlar, müxtəlif ölkələrdə yaşayan soydaşlarımızla görüşüb onların problemləri ilə yaxından maraqlanan Prezident İlham Əliyev məhz bu keyfiyyətlərinə görə hər bir azərbaycanlının etimad və rəğbətini qazanıb.
Dövlətimizin başçısının ölkəyə rəhbərlik etdiyi dövrdən regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunan dövlət proqramları bölgələrlə paytaxt arasındakı inkişaf fərqini aradan qaldırdı. Bu proqramların icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına, nəticədə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan verdi. Ölkədə 1 milyondan artıq yeni iş yerinin yaradılması əhalinin həyat tərzinin yüksəldilməsində və gələcəyə olan inamın möhkəmləndirilməsində mühüm rol oynadı. Məhz bunun nəticəsidir ki, 2003-cü ildən başlayaraq ölkəmizdə keçirilən prezident seçkilərində xalq dövlətimizin başçısına inandığını və güvəndiyini seçki məntəqələrində səsvermə ilə sübut edib.
2018-ci ildə keçirilən prezident seçkilərindən sonra həyata keçirilən islahatlar nəticəsində Azərbaycan tamamilə yeni inkişaf mərhələsinə qədəm qoyub. İqtisadi böhranlara, beynəlxalq təzyiqlərə və pandemiyanın yaratdığı çətinliklərə rəğmən dövlət başçısının nümayiş etdirdiyi yüksək peşəkarlıq və xalqa arxalanma siyasəti Azərbaycanda yaşanan ümumxalq birliyinin səbəbidir.
Həyata keçirilən xarici siyasət kursunun prioritetini Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dövlətlərin ərazi bütövlüyü çərçivəsində həlli təşkil edib. Dünyada baş alıb gedən ikili standartlar, siyasi riyakarlıq və islamofobiya, o cümlədən Ermənistanın qeyri- konstruktiv mövqeyi, işğal siyasətindən əl çəkməməsi və “böyük Ermənistan” iddiası münaqişənin 30 ilə axın bir müddətdə davam etməsinə rəvac verdi. Ancaq bu müddət ərzində Qərbin bir sıra qərəzli dairələrinin təzyiqlərinə baxmayaraq, dövlətimizin başçısı geriyə çəkilmədi və ərzi bütövlüyümüzün təmin olunması yolunda prinsipial və qətiyyətli mövqeyini sona qədər davam etdirdi. Nəticədə 2020-ci il Azərbaycanın tarixinə Qələbə ili kimi həkk olundu. Eyni zamanda, 2020-ci il dekabrın 10-da Bakıda Azadlıq meydanında keçirilən Zəfər paradı bütün dünyaya Azərbaycanın gücünü, qüdrətini, xalqımızın siyasi iradəsini, dövlət başçımızın qətiyyətini bir daha nümayiş etdirdi.
Daha üç il sonra – 2023-cü ilin sentyabrında cəmi bir gün çəkən antiterror tədbirləri nəticəsində işğal altındakı digər torpaqlar da tam azad edildi və noyabrın 8-də Qarabağın inzibati mərkəzi olan Xankəndi şəhərində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə əzəmətli hərbi parad keçirildi. Bu parad Azərbaycanın gücünü, hərbi qüdrətini bir daha nümayiş etdirdi. Düşmən nəinki təslim oldu, həmçinin 30 il bundan əvvəl torpağımızda yaratdıqları qondarma rejimə də xitam verildi. Beləliklə, tarixi ədalət bərpa edildi. Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edən lider kimi adını əbədi olaraq tarixə yazdırdı, xalqımızın qəhrəmanlıq salnaməsini yaratdı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il dekabr ayının 7-də imzaladığı Sərancama uyğun olaraq 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçirildi. Bu növbədənkənar Prezident seçkilərini həm də Zəfər seçkiləri adlandırmaq olar. Əlamətdar haldır ki, Müstəqil Azərbaycanın tarixində ilk olaraq Prezident seçkiləri bütün ölkə ərazisində keçirildi.
Bu seçkilər də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə əminliyinin ən bariz göstəricisi oldu. Öz Qalib Prezidenti ilə hər zaman birlik və həmrəylik nümayiş etdirən Azərbaycan xalqı bu seçkilərdə də öz rəhbərinin yanında oldu, müdrik dövlət başçımızın xarici və daxili siyasətini, eləcə də bütün digər təşəbbüslərini ən fəal şəkildə dəstəklədilər.

İlqar Əliyev – Dövlət İdarəçilik Akademiyası












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]