Ölkəmizin enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz bir hissəsidir

3-03-2026, 16:56           
Ölkəmizin enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz bir hissəsidir
Azərbaycan enerji dipomatiyasının uğurlarını növbəti dəfə təqdim edir. Belə ki, martın 3-də Bakı Konqres Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasları keçirilib. Bu mühüm tədbirlər Azərbaycanın enerji siyasətində strateji mərhələ olmaqla yanaşı, ölkəmizin regional və qlobal enerji bazarlarında artan rolunu bir daha nümayiş etdirir.
Dövlət başçısı İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında bir daha bildirdi ki, “Sonuncu dəfə bu auditoriya qarşısında çıxış edərkən bildirmişdim ki, biz 12 ölkəyə qaz tədarük edirik. Hazırda isə Azərbaycan qazının istehlakçısı olan ölkələrin sayı 16-ya çatıb. Bu göstərici üzrə Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir”.
Cənab Prezident vurğulayıb ki, “Suriyaya 1,5 milyard kubmetr həcmində Azərbaycan qazının tədarükü vasitəsilə biz əhalinin daha yaxşı qorunmasına, biznes fəaliyyəti üçün daha geniş imkanların yaranmasına və müəssisələrin normal fəaliyyətinin təmin edilməsinə töhfə verdik. Çünki hamıya yaxşı məlumdur ki, elektrik enerjisi olmadan heç bir inkişaf əldə etmək mümkün deyil. Bu, həm Suriya, həm region, həm də Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edirdi”.
Bu gün Azərbaycan Avropanın enerji bazarında mövcudluğunu genişləndirmək niyyətindədir. Artıq Avropanın daha iki ölkəsinə - Almaniyaya və Avstriyaya qaz tədarükünə başlanılıb bu bununla da hazırda Avropa İttifaqının 10 üzv dövləti Azərbaycandan qaz alır. Qarşıdakı illərdə Azərbaycanın yataqlarından hasilat həcmlərinin artırılması imkanı mövcuddur. Bununla da mövcud qaz nəqli infrastrukturlarının genişləndirilməsi tələb olunur. Çünki bu gün Cənub Qaz Dəhlizi artıq tam yüklənmiş vəziyyətdədir.
Cari ildə “Azəri-Çıraq-Günəşli” yatağının dərin qaz laylarından hasilatın başlanmasını gözlənilir. İki-üç il ərzində “Abşeron” yatağının tammiqyaslı işlənmə mərhələsinin başlanması ilə bu yataqdan qaz hasilatı üç dəfə artıracaqdır. Eyni zamanda, “Ümid” yatağının ikinci mərhələsi üzrə qaz hasilatına başlanması gözlənilir.
Ölkə başçısı bildirib ki: “Təbii qazın əsas mənbəyi olan “Şahdəniz” yatağımızla bağlı olaraq deyə bilərəm ki, 2028-ci ildə “Şahdəniz”in yeni mərhələsi üzrə hasilatın başlanmasını gözləyirik. Qeyd olunan bütün hasilat profilləri maksimum istehsal səviyyəsində 10-15 milyard kubmetr həcmində əlavə qaz əldə etməyə imkan verəcək. Daha əvvəl qeyd etdiyim kimi, bunun üçün yeni bazarlara, mövcud boru kəməri sisteminin genişləndirilməsinə ehtiyac var və əlbəttə, qazpaylama şəbəkəmizin şaxələndirilməsi istiqamətində əlavə tədbirlərin görülməsi zəruridir”.

Azərbaycanın zəngin bərpaolunan enerji potensialı mövcuddur. Artıq ilkin hesablaması aparılıb. 157 qiqavat həcm yalnız Xəzər dənizində var. Quruda isə potensial çox böyükdür. Beynəlxalq investorlarla imzalanmış iki müqavilə növbəti bir il, ya da ilyarım ərzində 500 meqavata yaxın yaşıl enerji əldə etməyə imkan verəcək. Təkcə son iki ildə ənənəvi, eyni zamanda, bərpaolunan enerji sahəsində qazanılan uğurlara diqqət yetirdikdə bu mühüm məqam bir daha təsdiqini tapır ki, səylərin birləşdirilməsi hədəflərə zamanında nail olmağa əsas verir.
Prezident İlham Əliyevin Bakı Konqres Mərkəzindəki çıxışında dediyi kimi, “cari ilin yanvarında regionda indiyədək ən böyük külək elektrik stansiyasının - 240 meqavat gücündə obyektin açılışı olub. Layihə “ACWA Power” tərəfindən maliyyələşdirilib və həyata keçirilib.
Bu, bizim artıq malik olduğumuz potensiala əlavə edilən yeni yaşıl enerji mənbəyidir. 2023-cü ildə “Masdar” şirkəti 230 meqavat gücündə Günəş elektrik stansiyası inşa edib. Bir neçə layihə artıq icra mərhələsindədir və gələcək illərdə biz alternativ enerji mənbələri ilə işləyən yeni elektrik stansiyalarının açılışını gözləyirik”.
İclasda bildirilib ki, 2032-ci ilə qədər Azərbaycanda alternativ enerji mənbələrindən 6-8 giqavat elektrik enerjisi əldə edilməsi gözlənilir ki, bu da xaricə ixrac ediləcəkdir. “Hazırda elektrik enerjisi istehsalı üçün istifadə etdiyimiz təbii qazı əvəzləmək məqsədilə daxili tələbat üçün istifadə etməliyik. Kommunikasiya sektoru, süni intellekt, data mərkəzləri ilə bağlı planlarımız da daxil olmaqla artan iqtisadiyyat və sənaye üçün şəraiti təmin etməliyik” – deyə ölkə başçısı əlavə edib.
Ölkə başçısı tədbirdəki çıxışında vurğulayıb ki, “qazıntı yanacağının və bərpaolunan enerji mənbələrinin vəhdəti, xüsusilə də Azərbaycan kimi ölkələrin səylərinin yüksək qiymətləndirilməsi, - ölkənin öz qaz ehtiyatlarının 100 il üçün kifayət edə biləcəyi halda bərpaolunan enerji mənbələrinə milyardlarla sərmayə yatırması, - hesab edirəm ki, iş məhz belə aparılmalıdır. Əminəm ki, bütün bu məsələlər bugünkü tədbirdə müzakirə olunacaq və biz yaxşı həll yolları tapacağıq”.
Bu gün dünyanın ən böyük enerji şirkətləri Azərbaycanda bərpaolunan enerji növlərinin istehsalına maraq göstərir. İşğaldan azad edilmiş ərazilərimizin malik olduqları bərpaolunan enerji mənbələrindən istifadə ilə bağlı investisiyaların cəlb olunması üçün investorlarla müzakirələr aparılır. Bu isə öz növbəsində Azərbaycanın gələcək sosial-iqtisadi inkişafı barədə aydın təsəvvür yaradır. Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərimizin 7200 meqavat günəş enerjisi və 2000 meqavat külək enerjisi potensialı var.
Dövlət başçısı İlham Əliyev sözügedən toplantıdakı çıxışında bildirib ki: “Dünyanın ən qüdrətli dövləti Amerika Birləşmiş Ştatlarının strateji tərəfdaşımız kimi çıxış etməsini nəzərə alaraq bizim planlarımızın gerçəkləşməsi tamamilə real görünür. Biz hidroelektrik stansiyalarına sərmayə yatırırıq. Bu layihələr Ermənistanın işğalından azad edilmiş ərazilərdə icra olunur. Hələ ki, 307 meqavat gücündə hidroelektrik stansiyalar artıq sistemimizə qoşulub. Planlarımız bunu 2-3 ilə təqribən ikiqat artırmaqdır. Bu, bizə əlavə potensial və ucuz enerji verəcək”.
Sonda belə bir ümumiləşdirməni apara bilərik ki, ölkəmizin malik olduğu enerji resurslarından səmərəli istifadəsi yeni-yeni enerji layihələrinin gündəmə gətirilməsinə və uğurlu sonluqla başa çatdırılmasına geniş yol açır. Əvvəlcə regional çərçivədə başlanan əməkdaşlıq illər keçdikcə coğrafiyasını genişləndirdi, çoxtərəfli əlaqələrin qurulması üçün imkanlar yarandı. Bütün bu uğurların təməlində Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası dayanır. Ölkəmizin iqtisadi və siyasi mövqeyinin möhkəmlənməsində əhəmiyyətli rol oynayan «Əsrin müqaviləsi» Azərbaycanı dünyaya etibarlı tərəfdaş kimi təqdim etdi. Bu isə öz növbəsində 2017-ci ildə «Yeni əsrin müqaviləsi»nin imzalanmasını şərtləndirdi. Müqavilənin vaxtının 2050-ci ilə qədər uzadılması özündə ölkəmizin bugününə və gələcəyinə olan inamı əks etdirir.

Adil Hüseynov – Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru