Ən ağıllı Al modelləri hansı peşələri əvəz edəcəklərinə dair razılığa gələ bilmədi
Bu gün, 16:44

Süni intellekt (Al) hələ də hansı peşələri əvəz edəcəyi barədə ortaq nəticəyə gələ bilmir. Bu qənaətə tədqiqatçılar aparıcı AI modellərinin müxtəlif peşələrin avtomatlaşdırma riskinə dair cavablarını analiz etdikdən sonra gəliblər.
Bu barədə "The Wall Street Journal" yazır.
Amerikalı iqtisadçılar O*NET bazasından təxminən 20 000 iş tapşırığını götürərək ChatGPT-5, "Gemini 2.5" və "Claude 4.5" modellərindən müxtəlif peşələrin süni intellektdən nə dərəcədə təsirlənəcəyini qiymətləndirməyi xahiş ediblər. Nəticələr isə ziddiyyətli olub.
Məsələn, “Claude” mühasibləri ən yüksək risk qrupuna daxil edib, “Gemini” isə həmin peşə üçün riskin daha aşağı olduğunu bildirib. Oxşar fikir ayrılıqları reklam menecerləri və şirkət rəhbərləri (CEO) ilə bağlı da müşahidə olunub.
Tədqiqat göstərib ki, ChatGPT və "Gemini"nin cavabları tez-tez üst-üstə düşsə də, halların təxminən 1/4-də modellər fərqli nəticəyə gəlib. Ən böyük fikir ayrılığı zehni və fiziki işin birləşdiyi peşələrdə müşahidə olunub.
Araşdırma müəllifləri hesab edirlər ki, bu fərqlər modellərin öyrədildiyi məlumatların fərqli olmasından qaynaqlanır. Artıq AI-dan aktiv istifadə olunan sahələrdə sistemlər daha çox məlumat əldə etdiyi üçün həmin peşələri daha avtomatlaşdırıla bilən hesab edə bilər.
WSJ qeyd edir ki, bu nəticələr süni intellektin əmək bazarına təsiri ilə bağlı proqnozların yalnız AI analizlərinə əsaslanaraq verilməsinin düzgün olmadığını göstərir. Politika qurucuları və işəgötürənlərin belə proqnozlara ehtiyatla yanaşması tövsiyə olunur.
Daha əvvəl məlum olub ki, bəzi şirkətlər gözləntiləri qarşılamadığı üçün keçmiş işçilərini yenidən işə götürürlər. Səbəb isə AI agentlərinin hələlik yalnız işin hissələrini avtomatlaşdırması, tam vəzifələri deyil.
MIT-in araşdırması da göstərir ki, AI-a sərmayə qoyan şirkətlərin 95%-i hələlik maliyyə faydası əldə etməyib. Əsas problem AI agentlərinin konkret biznes tapşırıqlarına uyğunlaşdırılmasının çətinliyidir.

