Ölkəmizə qarşı dron hücumu qəbuledilməzdir

6-03-2026, 09:12           
Ölkəmizə qarşı dron hücumu qəbuledilməzdir
İran son dövrlərdə regionda gərginliyi artıran və məsuliyyətsiz davranışları xatırladan addımlar atmaqdadır. Ölkəmizə qarşı həyata keçirilən dron hücumu beynəlxalq hüququn norma və prinsiplərinin pozulması və regionda sabitliyə ciddi təhdiddir.
Azərbaycan bütün qonşu dövlətlərlə qarşılıqlı hörmətə və mehriban münasibətlərə əsaslanan siyasət yürüdür. Ölkəmiz dəfələrlə bəyan edib ki, Azərbaycan ərazisi heç bir dövlətə qarşı hərbi əməliyyatlar üçün istifadə oluna bilməz və bu prinsipə daim sadiq qalıb. Çünki sülh, sabitlik və dövlətlərin ərazi bütövlüyünə hörmət Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindəndir.
Belə bir mövqenin qarşılığında mülki infrastruktura qarşı dron hücumunun baş verməsi qəbuledilməzdir və ciddi narahatlıq doğurur. Bu hadisəyə görə məsuliyyət tam şəkildə İran İslam Respublikasının üzərinə düşür və baş verənlərə aydın və obyektiv izah verilməlidir.
İran tərəfinin Azərbaycan ərazisinə dron hücumu ilə əlaqədar martın 5-də Prezident İlham Əliyev tərəfindən Təhlükəsizlik Şurasının iclası çağrılıb. Toplantıda çıxış edən ölkə başçısı bildirib ki, biz öz ərazi bütövlüyümüzü qoruyuruq və qorumuşuq. Necə ki, Ermənistan işğalına son qoymuşuq, istənilən şər qüvvəyə qarşı öz gücümüzü göstərməyə hazırıq və İranda bunu unutmasınlar.
Dövlətimizin başçısı vurğulayıb ki, onların törətdiyi bu terror aktı bütün başqa çirkin amillərlə yanaşı, böyük nankorluq nümunəsidir.
İclasda bildirilib ki, bu şərəfsizlər, bizə qarşı bu terror aktını törədənlər peşman olacaqlar. Bizim gücümüzü sınamasınlar.
“Bizim gücümüzü sınamaq istəyənlərin başı “Dəmir yumruq” vasitəsilə yarıldı. Bugünkü hadisə də eyni nəticəni hasil edəcək”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Qeyd edilməlidir ki, mülki obyektlərə qarşı hücumlar beynəlxalq humanitar hüquqa ziddir və regionda etimad mühitinə də ciddi zərbə vurur. Təəssüf ki, İranın müxtəlif dövrlərdə azərbaycanlılara qarşı sərgilədiyi münasibət və ölkədə yaşayan soydaşlarımızın üzləşdiyi çətinliklər də bu kontekstdə narahatlıq doğuran məsələlərdir.
Lakin unudulmamalıdır ki, bugünkü Azərbaycan güclü dövlət institutlarına, möhkəm siyasi iradəyə və öz təhlükəsizliyini təmin etmək imkanına malik müstəqil dövlətdir. Dövlətimiz öz ərazi bütövlüyünü və vətəndaşlarının təhlükəsizliyini qorumaq üçün bütün zəruri addımları atmaq əzmindədir. Azərbaycan sülh və sabitliyin tərəfdarıdır.

Altay Əliyev – Şəhid ailələri, əlillər və müharibə veteranlarının müdafiəsi İctimai Birliyinin fəxri üzvü













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru