Forumda Ermənistanla hazırki əlaqələrə toxunuldu
13-03-2026, 00:05

Martın 12-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumu işə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edərək bir sıra məsələlər barədə öz mövqeyini bildirib.
Ölkə başçısının Forumdakı çıxışında təklükəsizlik məsələlərinə xüsusi toxunularaq qeyd edilib ki, təhlükəsizlik məsələsi Azərbaycan üçün hər zaman birmənalı olaraq bir nömrəli məsələ olub. Suverenliyimiz, ərazi bütövlüyümüzün bərpasının gündəliyimizin əsas yerində dayandığını söyləyən dövlətimizin başçısı qeyd edib: “Hazırda cəmi 7 aydır ki, biz sülh şəraitində yaşayırıq. Bu, bir daha onu göstərir ki, güclü siyasi iradə var, sülh və ədalət sahəsində bir sadiqlik var”.
Sülh şəraitində yaşamaq, ümumiyyətlə, qlobal səviyyədə unikal bir təcrübə olduğunu bildiriən cənab Prezident qeyd edib ki, milyonlarla insan etnik təmizləməyə məruz qalır. 30 il ərzində ərazimizin 20 faizi işğal altında oldu. “Biz bu gün beynəlxalq diqqətin çatışmamasından əziyyət çəkirik”, - deyən dövlətimizin başçısı əlavə edib ki, münaqişə ilə məşğul olmalı olan bəzi beynəlxalq iştirakçıların selektiv yanaşmasının şahidiyik.
Bütün beynəlxal tədbirlərdə çıxışı zamanı hər zaman olduğu kimi Prezident İlham Əliyev Ermənistanla münasibətlərə toxunub. Bildirib ki, Ermənistanla sülh yalnız kağız üzərində deyil. Bununla bağlı Birgə Bəyannamə oldu və bir neçə ay bundan əvvəl paraflandı. Lakin bizdə sülh yerində hiss olunur. Sərhədlərimizdə artıq atışmanın, qurbanların, itkilərin olmadığını vurğulayan dövlətimizin başçısı qeyd edib: “Biz müxtəlif istiqamətlərdən bütün yüklərin Ermənistana daşınmasına olan məhdudiyyətləri aradan qaldırmışıq. Biz Ermənistanla ticarətə və onlara ən vacib neft məhsullarının ixracına başlamışıq”.
Qeyd edilib ki, Ermənistanla sülhdən sonra ölkəmiz Ermənistanın ərazisindən keçən Orta Dəhlizin genişləndirilməsi üzərində çalışır. “Ermənistan müstəqillik tarixində ilk dəfədir tranzit ölkə ola bilər. Bu günə qədər bu, hələlik yoxdur. Bunun sayəsində biz Azərbaycanın əsas hissəsi ilə eksklavımız olan Naxçıvan Muxtar Respublikası ilə birbaşa bağlantını yarada biləcəyik”, - deyə dövlətimizin başçısı əlavə edib.
Azərbaycanın 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatındakı fəaliyyəti göz qabağıda olub. Ölkəmiz bu mötəbər quruma sədrliyi dövründə həm də yeni müstəmləkəçilik meyillərinə qarşı mübarizənin əsas lokomotivi rolunu öz üzərinə götürmüşdü. Prezident İlham Əliyevin bu mövzunu nüfuzlu beynəlxalq platformalarda mütəmadi olaraq gündəmə gətirməsi, ədalət və beynəlxalq hüquq naminə müstəmləkəçiliyin tamamilə ləğv edilməsi məsələsini irəli sürməsi müstəmləkə şəraitində yaşayan xalqlar tərəfindən yüksək qiymətləndirilir.
Vahid İsmayılov
Tarix üzrə fəlsəfə doktoru

