Biz müxtəlif səviyyələrdə tərəfdaşlığın fəal mərhələsindəyik

Bu gün, 10:24           
Biz müxtəlif səviyyələrdə tərəfdaşlığın fəal mərhələsindəyik
2026-cı il martın 11-də Avropa İttifaqı Şurasının Prezidenti Antonio Costanın Azərbaycana səfəri iki tərəf arasında münasibətlərin inkişafında mühüm hadisə kimi qiymətləndirilir. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti Ilham Aliyev ilə keçirilən görüşlər və verilən bəyanatlar göstərdi ki, Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq artıq daha fəal və strateji mərhələyə qədəm qoyub. Prezident İlham Əliyevin bəyanatında vurğuladığı kimi, tərəflər hazırda müxtəlif səviyyələrdə tərəfdaşlığın fəal mərhələsindədirlər və bu əməkdaşlıq siyasi, iqtisadi, enerji və regional təhlükəsizlik sahələrini əhatə edir.
Prezident İlham Əliyev görüş zamanı Azərbaycan–Avropa İttifaqı əlaqələrinin dinamik inkişafını belə ifadə etmişdir: “Bizim çox fəal dialoqumuz var. Avropa Komissiyasının üzvləri ötən il və bu il dəfələrlə bizə səfər ediblər. Beləliklə, biz müxtəlif səviyyələrdə tərəfdaşlığın fəal mərhələsindəyik. Mən bəzi iqtisadi göstəricilərə nəzər saldım və gördüm ki, bu ilin yanvarında ticari dövriyyəmizin 50 faizi Avropa İttifaqı ilə bağlı olub. Ötən il dövriyyə bir az aşağı olmuşdur, lakin o, həqiqətən göstərir ki, Avropa İttifaqı bizim üçün bir nömrəli ticari tərəfdaşdır. Əminəm ki, yeni layihələr və yeni investisiya imkanları ilə sərmayələr iki istiqamətdə yatırılacaq. Hazırda biz, həmçinin Avropada fəal şəkildə sərmayə yatırırıq. Ticari dövriyyəmiz birmənalı olaraq artacaq. Tərəfdaşlığımızın mühüm hissəsi hər zaman enerji əməkdaşlığı olub, var və birmənalı olaraq olacaq. Bu, xüsusən də 2022-ci ildə Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında sənədi Avropa Komissiyası ilə imzaladığımızdan sonra müşahidə olunur.” Cənab Prezidentin bu fikirləri Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin real iqtisadi göstəricilərə və qarşılıqlı maraqlara əsaslandığını göstərir.
Dövlət başçısının diqqət çəkdiyi digər mühüm məqam qarşılıqlı investisiya imkanlarının genişlənməsidir. Azərbaycan artıq təkcə xarici investisiyaları cəlb edən ölkə deyil, eyni zamanda Avropa iqtisadi məkanına sərmayə yatıran fəal tərəfdaş kimi çıxış edir. Bu tendensiya ölkə iqtisadiyyatının dayanıqlılığının və beynəlxalq iqtisadi münasibətlər sistemində mövqeyinin gücləndiyini göstərən mühüm göstəricilərdən biridir. Bu faktlar Azərbaycanın qlobal enerji bazarında artan rolunu açıq şəkildə göstərir. Avropa ölkələrinin enerji mənbələrini şaxələndirməyə çalışdığı bir dövrdə Azərbaycan etibarlı və uzunmüddətli tərəfdaş kimi ön plana çıxır.
Bütün bu qeyd etdiklərimiz Azərbaycanla Avropa arasında münasibətlərin yalnız iqtisadi və enerji sahələri ilə məhdudlaşmadığını təsdiqləyir. Prezidentlərin qəbul etdikləri 15 bənddən ibarət mətbuat bəyanatında bütün bu məqamlara bir daha aydınlıq gətirilir. Qeyd edilir ki, Prezidentlər mütəşəkkil cinayətkarlıq, terrorçuluq, ekstremizm, silah və narkotiklərin qanunsuz dövriyyəsi, çirkli pulların yuyulması, insan alveri və qeyri-düzgün miqrasiya kimi ortaya çıxan təhdidlərin qarşısını almaq məqsədilə müdafiə və təhlükəsizlik sahələrində daha sıx əməkdaşlığın faydasını vurğulayıblar.

Aysel Mənsimova - politoloq












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]