Yaponlar gələcəyin kosmik təyyarəsini yaradır: Uçuşun qiyməti fantastikdir
5-11-2025, 12:34

Yaponiyanın "Innovative Space Carrier Inc." (ISC) adlı startapı Tokio ilə Nyu-York arasında məsafəni cəmi bir saata endirəcək suborbital təyyarə üzərində çalışır.
ASCA adlı yeni aparat Sakit okeanı adətən 12 saata keçən marşrutu 60 dəqiqəyə qısaldacaq. Lakin bu sürətin dəyəri olduqca yüksəkdir: gediş-dönüş bileti 657 min dollara başa gələcək. Bu barədə "Supercar Blondie" nəşri yazır.
Layihəni "Nippon Travel Agency" turizm agentliyi dəstəkləyir. Məqsəd kosmik və aviasiya texnologiyalarını birləşdirərək lüks, ultrasürətli səyahət formatını yaratmaqdır.
ASCA dəniz üzərindəki platformadan vertikal şəkildə buraxılacaq. Bu platforma gəmiçilik nəhəngi "Mitsui OSK Lines" tərəfindən hazırlanır. Belə texnoloji həll riskləri, səs-küyü və ekoloji təsiri minimuma endirməyə imkan verəcək.
Buraxılışdan sonra təyyarə stratosferdən də yuxarı qalxacaq, daha sonra atmosferə geri dönərək hədəf şəhərin yaxınlığında idarəolunan eniş edəcək. Təxminən 10 800 kilometrlik məsafəni bir saata qət edən aparat təxminən 9 Max sürətinə çatacaq ki, bu da onu dünyanın ən sürətli pilotlu uçan vasitələrindən birinə çevirir.
ISC 2026-cı ildən etibarən "kosmik təəssüratlar" adlı proqramlar təqdim etməyi planlaşdırır. Bu çərçivədə simulyatorlar, kosmonavt üslubunda məşqlər və qısa tanışlıq uçuşları həyata keçiriləcək. Tamhəcmli sərnişin reyslərinin isə texnologiyanın sınaq mərhələləri tamamlandıqdan sonra, 2040-cı illərdə başlayacağı gözlənilir.
Uçuş zamanı sərnişinlər qısa müddətli yüklənmə və bir neçə dəqiqəlik çəkisizlik hissi yaşayacaqlar, çünki marşrut kosmos sərhədinə qədər uzanacaq.

