Bibiheybətdə qorxulu mənzərə: Torpaq sürüşməsi qəbiristanlığı dağıtdı - VİDEO
Bu gün, 09:46
Paytaxtdakı qəbiristanlıqlardan birində torpaq sürüşməsi baş verib, nəticədə bəzi qəbirlərə ziyan dəyib.
Xəzər TV xəbər verir ki, hadisə Səbail rayonunun Bibiheybət qəsəbəsində yerləşən qəbiristanlıqda qeydə alınıb.
Mərhum yaxınlarının sözlərinə görə, torpaq sürüşməsi təxminən iki ay əvvəl baş verib və nəticədə bəzi qəbir daşları dağılıb.
Məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyətindən bildirilib ki, bir müddət əvvəl yağan intensiv yağışlar nəticəsində Bibiheybət qəsəbəsi ərazisində yerləşən qəbiristanlığın bir hissəsində sürüşmə baş verib.
Qeyd olunub ki, hadisə zamanı zərər görmüş qəbir daşlarının ətrafındakı hasarlar bərpa edilib, ərazidə abadlıq və təmizlik işləri aparılıb. Hazırda dağılmış qəbir daşlarının təmiri istiqamətində işlər davam etdirilir və onların ən qısa müddətdə yekunlaşdırılması nəzərdə tutulur.