Almaniyada spirtli içkiləri bahalaşdırmaq təklif olunur

11-01-2026, 12:24           
Almaniyada spirtli içkiləri bahalaşdırmaq təklif olunur
Almaniyada koalisiya hökumətində yer alan partiyaların – Sosial Demokratlar Partiyası (SPD) və Xristian Demokratlar İttifaqının (CDU) səhiyyə siyasəti üzrə nümayəndələri alkoqollu içkilərin qiymətinin artırılmasını istəyirlər.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, SPD-nin Bundestaqdakı fraksiyasının səhiyyə məsələləri üzrə sözçüsü Xristos Pantatsis beynəlxalq təcrübəyə əsasən alkoqolun bahalaşdırılmasının istehlakın azaldılmasına təsir göstərdiyini bildirib. Onun sözlərinə görə, Almaniyada alkoqollu içkilərin vergiləri uzun illərdir yenilənmədiyindən təsiredici rol oynamır.

CDU-nun səhiyyə siyasəti üzrə sözçüsü Simone Borxardt məqsədli alkoqol vergisinin tətbiqini dəstəklədiyini açıqlayıb. Bildirib ki, bu vəsaitlər profilaktika, asılılıqla mübarizə və müalicə proqramlarının gücləndirilməsinə yönəldilməlidir.

Almaniya Ailə Həkimləri Assosiasiyası da təşəbbüsü müsbət qiymətləndirib.

Federal Statistika İdarəsinin məlumatına əsasən, Almaniyada alkoqol məhsullarının qiymətləri Avropa İttifaqı üzrə orta göstəricidən 14 faiz aşağıdır. Avropa İttifaqına üzv ölkələr arasında alkoqolun Almaniyadan daha ucuz olduğu yeganə ölkə İtaliyadır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]