Bütün Gürcüstanın katolikos-patriarxının yaşı və səhhəti nəzərə alınarsa, yaxın gələcəkdə Gürcü Pravoslav Kilsəsi çətin seçim qarşısında qalacaq.
12-01-2026, 09:14

Gürcüstanın “Birlik və sülh naminə” adlı rusiyapərəst partiyasının lideri Mamuka Pipiya “Instagram”da səs-küy doğuran paylaşım edib. “Apsny.ge” saytının verdiyi məlumata görə, siyasətçi Bütün Gürcüstanın katolikos-patriarxı II İliya ilə çəkilmiş fotosunu yerləşdirib və onunla “qlobalistlər tərəfindən Gürcüstana yönələn təhlükələr və kilsənin əhəmiyyəti” mövzularını müzakirə etdiyini açıqlayıb.
Bütün Gürcüstanın katolikos-patriarxının protokoluna cavabdeh olan Giorgi Zviadadze mətbuata bildirib ki, Mamuka Pipiya “xeyir-dua almaq üçün” qəbul xahişi ilə müraciət edib və görüş cəmi üç dəqiqə davam edib, bu müddətdə siyasi məzmunlu heç bir məsələ müzakirə olunmayıb. Bununla belə, Rusiyapərəst siyasətçi “Pirveli” telekanalına deyib ki, II İliyaya Rusiya-Gürcüstan birbaşa dialoqunun başlanması və “ikinci Georgiyevsk müqaviləsinin imzalanmasının zəruriliyi” ideyasını təqdim edib.
Məlumata görə, Mamuka Pipiya daimi olaraq Moskvada yaşayır və sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Son dövrlərdə o, bir neçə dəfə Rusiya tərəfindən işğal olunmuş Ukrayna ərazilərinə səfər edib və orada iqtisadi fəaliyyət göstərmək niyyətindədir. O, “Pirveli” telekanalına bildirib ki, internetdə Rusiya-Gürcüstan yeni ittifaqı ideyasına dəstək məqsədilə imza toplama kampaniyası təşkil edib və “artıq Gürcüstanın 150 min vətəndaşı bunu dəstəkləyib”.
Diqqətəlayiq haldır ki, bu məlumatları yayan sayt özü tərəfindən açıqlama verərək qeyd edib ki, Bütün Gürcüstanın katolikos-patriarxı II İliya “93 yaşındadır, uzun müddətdir xarici səfərlərdən imtina edib, müstəqil şəkildə hərəkət etmir, çətinliklə danışır və hətta dini mərasimlərdə də iştirak etmir”. Bununla belə, göründüyü qədərilə, Gürcü Pravoslav Kilsəsinin Patriarxlığı Mamuka Pipiyanın açıqlamasını rəsmi şəkildə təkzib etməyib.
Bu məlumat Ermənistanda kilsə ətrafında yaranmış vəziyyət kontekstində son dərəcə maraqlıdır. Rusiya imperiyasının XVIII-XIX əsrlərdə Qafqaz siyasəti erməni və gürcü dini xadimlərinin iştirakı ilə də formalaşıb. Onlar Rusiyaya “xristianların xilaskarı” missiyasını aid ediblər. Bu narrativi yenidən dövriyyəyə buraxmaq istiqamətində, böyük ehtimalla, rəsmi Moskva dini təsir rıçaqlarını da işə salmağa çalışır.
Daha əvvəl Rusiya mətbuatı Gürcü Pravoslav Kilsəsinin rəhbərliyindəki “parçalanma problemi”nə toxunub. Mətbuata görə, ruhani xidmətçilərin gənc nəsli İstanbulun Yunan Ümumdünya Patriarxına yaxınlaşmağa can atır, yaşlı nəsil isə Rus Pravoslav Kilsəsi ilə ənənəvi əlaqələrin qorunmasına meyllidir. Bütün Gürcüstanın katolikos-patriarxının yaşı və səhhəti nəzərə alınarsa, yaxın gələcəkdə Gürcü Pravoslav Kilsəsi çətin seçim qarşısında qalacaq.
Şahin Qocayev
TEREF

