İsrail strateji ərazini ələ keçirdi, “Hizbullah” atəşkəs mesajı verdi
1-06-2026, 09:44

İsrail ordusu Livanın cənubunda yerləşən strateji dağ zirvəsini ələ keçirib. Bu, son 25 ildən çox müddətdə İsrail qüvvələrinin Livan ərazisinə ən dərin irəliləyişlərindən biri hesab olunur.
Bu barədə “Associated Press” məlumat yayıb.
Nəbatiyə şəhəri yaxınlığında yerləşən Bofor qalasının nəzarətə götürülməsindən əvvəl ərazidə bir neçə gün davam edən hava zərbələri və İsrail ordusu ilə Hizbullah qüvvələri arasında şiddətli döyüşlər baş verib.
Qalanın ələ keçirilməsi martın 2-də başlayan son İsrail-“Hizbullah” müharibəsində İsrailin mühüm irəliləyişi kimi qiymətləndirilir.
Münaqişə başlayandan bəri İsrail Livanın sərhədə yaxın onlarla kənd və qəsəbəsini nəzarətə götürüb. “Hizbullah” isə Livanın cənubundakı və İsrailin şimalındakı hədəflərə minlərlə raket və pilotsuz uçuş aparatı ilə zərbələr endirib.
İsrailin son əməliyyatı aprelin 17-dən qüvvədə olan atəşkəs rejiminə baxmayaraq həyata keçirilib. Bu hadisə həmçinin Livan və İsrail nümayəndələrinin Vaşinqtonda keçirilməsi planlaşdırılan növbəti birbaşa danışıqları ərəfəsində baş verib.
Livan parlamentinin sədri və “Hizbullah”ın əsas müttəfiqlərindən biri olan Nəbih Berri bildirib ki, təşkilatın atəşkəs rejiminə tam, hərtərəfli və dərhal əməl edəcəyinə zəmanət verə bilər.
Qeyd edək ki, Fransa xarici işlər naziri Jan-Noel Barro İsrailin Livandakı hərbi əməliyyatlarını müzakirə etmək üçün BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasının keçirilməsini tələb edib.
Barro İsrailin Livandakı əməliyyatlarını “qəbuledilməz” adlandıraraq bildirib ki, “İsrailin Livandakı hərbi əməliyyatlarını davam etdirməsinə və Livan ərazilərinin getdikcə daha dərin şəkildə işğal olunmasına heç nə haqq qazandıra bilməz”.

