Bu ölkə vətəndaşlarına 7,4 milyard dollar süni intellekt dividendi ödəyəcək
Bu gün, 15:08

Tayvanın 2027-ci il büdcəsində əhaliyə "süni intellekt dividendləri" ödənilməsi üçün ayrıca 235,7 milyard yeni Tayvan dolları (7,4 milyard dollar) vəsait nəzərdə tutulub.
Valyuta.az xəbər verir ki, ada administrasiyasının rəhbəri Uilyam Layın sözlərinə görə, hər bir vətəndaşa 10 min yerli valyuta, yəni 314 dollar nağd ödəniş ediləcək.
Son statistik göstəricilər adanın iqtisadiyyatının əvvəlki proqnozlardan daha yüksək nəticələr göstərdiyini ortaya qoyur. Bu barədə "Taipei Times" Uilyam Layın sözlərinə istinadən məlumat yayıb.
İlin ilk yarısında iqtisadi artım təxminən 14,2 faizə çatıb. Bu, son 50 ilin eyni dövrü üçün ən yüksək göstəricidir. İl üzrə iqtisadi artım proqnozu isə 9,6 faizdən 11 faizə yüksəldilib. Bu göstəricinin son 39 ilin ən yüksək nəticəsi olacağı gözlənilir.
Gələn il büdcə gəlirlərinin 3 trilyon 926,6 milyard yeni Tayvan dolları təşkil edəcəyi proqnozlaşdırılır.
Uilyam Lay yüksək göstəriciləri informasiya-kommunikasiya texnologiyaları və emal sənayesində istifadə olunan yarımkeçiricilərin istehsalında təchizat zəncirlərinin dayanıqlılığı ilə əlaqələndirib. Onun sözlərinə görə, bu sahələr qlobal miqyasda süni intellektə artan tələbatı təmin edir.
Uilyam Lay vurğulayıb ki, ödənişi iqtisadiyyatın hansı sektorunda çalışmasından asılı olmayaraq hər bir ailə almalıdır.
Əgər ada parlamenti büdcəni yaxın vaxtlarda üçüncü oxunuşda təsdiqləsə, vətəndaşlar pul ödənişini Ay təqvimi ilə Yeni il bayramı başlamazdan əvvəl ala biləcəklər.

