Rusiya İrana necə dayaq durur? – “NBC News”

Bu gün, 15:56           
Rusiya İrana necə dayaq durur? – “NBC News”
Rusiya ABŞ və İsrailin zərbələri ilə sarsılmış İrana pilotsuz uçuş aparatları, raket ehtiyatlarını bərpa işində kömək göstərir. ABŞ-ın “NBC News” telekanalının internet səhifəsi yazır ki, partlayıcı maddələrin, sursatın və pilotsuz uçuş aparatları üçün komponentlərin təchizatı Xəzər dənizi vasitəsilə həyata keçirilir.

Avropa ölkələrinin birinin hökumət sənədi əsasında yayılan məlumatda Xəzər dənizinin okeana çıxışının olmadığı xatırladılır: “ABŞ da daxil olmaqla Qərb ölkələri Xəzərdəki Rusiya ilə İran limanları arasında daşınan yükləri ələ keçirmək iqtidarında deyil. Martın sonunda İsrail Xəzər sahilindəki Bəndər Ənzəli liman kompleksinə zərbələr endirib. İsrail limanın Rusiyadan silahların daşınmasında istifadə olunduğunu iddia edib. Yeni bilgilərə əsasən, Bəndər Ənzəliyə silah daşımaları bərpa olunub”.

Novator.az bildirir ki, “NBC News” hərbi yardımı Moskva ilə Tehran arasında strateji ittifaqın dərinləşməsinin göstəricisi kimi qiymətləndirir: “İran hərbçiləri Rusiyanın yardımı hesabına hazırlanan pilotsuz uçuş aparatları və raketlərdən Yaxın Şərqdəki ABŞ hərbi bazalarına hücumlar üçün də yararlanırlar. Bu hücumlar nəticəsində hərbi əməliyyatlar dövründə azı 18 ABŞ hərbçisi həlak olub”.

Yazıda deyilir ki, 2022-ci ildə alovlanan Rusiya-Ukrayna müharibəsinin ilk dövründə vəziyyət əksinə olub – Moskva Tehrandan hərbi yardım alıb: “İran Rusiyaya yalnız hazır “Şahed” zərbə dronları göndərməyib, onların istehsal texnologiyasını da ötürüb. Moskva modeli yeniləyərək bu tip dronların kütləvi istehsalını təşkil edib”.

“NBC News” həmçinin qeyd edir ki, “Financial Times” daha əvvəl Qərb kəşfiyyatına istinadla Rusiyanın İrana pilotsuz uçuş aparatları göndərməyə başladığını yazıb: “Moskva həmçinin ABŞ-ın Yaxın Şərqdəki mövqelərinə zərbələr endirilməsi üçün peyk görüntüləri, kəşfiyyat məlumatları və hədəflər barədə informasiya ötürüb”.

Yazıda iyunun ortalarında ABŞ və İranın atəşkəs əldə etdiyi xatırladılır: “Wall Street Journal” qəzetinin məlumatına görə, İran hakimiyyəti hərbi əməliyyatlarda yaranmış fasilədən savaşın yeni mərhələsinə hazırlaşmaq və silah ehtiyatlarını bərpa etmək üçün yararlanır”.

İran İslam Respublikasını nüvə silahı hazırlamaq cəhdlərində ittiham edən İsrail 2025-ci il iyunun 13-dən ölkəyə hərbi zərbələr endirib. İyunun 22-də ABŞ da hücumlara qoşulub, iyunun 24-də savaş bitib.

2026-cı il fevralın 28-dən aprelin 8-dək İran yenə vurulub. İyunun 18-də ABŞ-la İran münaqişəli durumdan çıxmaq razılığı əldə ediblər. Razılaşma işləmir, bu səbəbdən hərbi gərginlik aradan qalxmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru